Rusiya rublu "Brent" markalı neftin qiymətindəki dinamikanı izləyəcək və 1 ABŞ dollarına qarşı 75 rubla enib, sabitləşdikdən sonra 2 il ərzində tədricən 61 rubl səviyyəsinə qayıdacaq.
Bunu qlobal investisiya bankı "Goldman Sachs"ın analitiki Klemens Qraf deyib.
Onun sözlərinə görə, martın 6-da "OPEC+" sazişinin uğursuzluğundan sonra "Brent" markalı neftin 1 barelinin orta qiyməti növbəti 6 ay ərzində 30 dollara yaxınlaşa və sonra tədricən 60 dollar səviyyəsinə qayıda bilər: "Artıq komandamız növbəti 6 ayda neftin qiymətinin 30 dollar, sonrakı 2 il ərzində isə tədricən artaraq bir barel üçün 60 dollar səviyyəsinə yüksələcəyini proqnozlaşdırır. Hesab edirik, bu ssenaridə əvvəlcə 1 dollar 75 rubladək bahalaşacaq, sonra isə 61 rubladək ucuzlaşacaq".
O həmçinin qeyd edib ki, neftin 1 bareli üçün 30 dollar gözlənilən qiymətlə bu ilin II və III rübləri ərzində 1 dollar 75 rubl səviyyəsində saxlanılacaq, növbəti 12 ayda isə 1 dollar 68 rubl, 2,5 ildən sonra isə 61 rubl səviyyəsində olacaq.
Qeyd edək ki, Rusiya Mərkəzi Bankı bu gün dolların rəsmi məzənnəsini 74,0274 rubl səviyyəsində müəyyənləşdirib.
APA