Tamara Mustafayeva, Banco.az
Turist olmaq gündəlik həyat qayğılarından bir müddətlik uzaqlaşmaq, dünyanın gəzməli və görməli yerlərinə səfər etmək və yeni insanlar tanıyıb yeni təcrübələr qazanmaq üçün əla fürsətdir.
Bütün bu sadalananları reallaşdırmaq üçün istənilən bir yerə turist kimi getmək kifayətdir, ancaq dünyanın bəzi ölkə və şəhərləri digərləri içərisində xüsusilə seçilir və turistlərin ən çox müraciət etdikləri destinasiyaya çevrilirlər.
Bugünkü məqaləmizdə sizə turizmin ən çox inkişaf etdiyi, turistlərin tez-tez səfər etdikləri şəhərlərdən bəzilərini təqdim edirik.
1. Nyu York, Nyu York ştatı, ABŞ
Ziyarətçilər Tayms Meydanındakı (Times Square) reklam afişaları boyu avtobus turuna çıxa bilərlər.
Nyu York planetin ən möhtəşəm şəhərlərindən biri adlandırılmağa çox layiqdir. “Böyük Alma” (Big Apple) adlanan şəhəri 2011–ci ildə 50 milyondan çox yerli və xarici turist ziyarət etmişdir. Yolunuz bu əsrarəngiz və enerjisi hər zaman yüksək olan şəhərə düşsə, şəhərin muzeylərindəki dünya səviyyəli mədəniyyət nümunələrini seyr edə, Broadway musiqili tamaşasını izləyə, dünya mətbəxinin bütün növlərini təqdim edən ən yaxşı restoranlarda nahar edə, tarixi etnik məhəllələri və Sentral Park (Central Park) kimi geniş yaşıllıq əraziləri gəzə bilərsiniz.
Xatırladaq ki, Amerikalılarda milli mətbəx anlayışı yoxdur. Nyu Yorkda da Amerikanın digər şəhərlərində olduğu kimiı başqa xalqların restoranları var.
Bruklin Körpüsü (Brooklyn Bridge)
Azadlıq heykəli, Empayr Steyt Binası, Bruklin Körpüsü, Sentral Park və Tayms Meydanı, Müasir Sənət Muzeyi, Quqqenhaym Muzeyi və Müasir Tarix Muzeyləri şəhərin maraqlı məkanlarıdır. Göydələnləri, prospektləri, restoranları, alış-veriş mərkəzləri və insanları ilə Nyu York dünyanın dörd bir yanından milyonlarla turisti cəlb etməkdədir.
2. Orlando, Florida ştatı, ABŞ
Təkcə sizin və ən yaxınlarınızın Walt Disney Dünyasında (Walt Disney World) olduğunu təsəvvür edin.
Amerikanın Florida ştatında onlarla tematik park və dünyanın ən məşhur əyləncə parkı olan Walt Disney Dünyası ilə turistlərin marağına səbəb olan növbəti destinasiya Orlando şəhəridir.
Orlando turistlərə Mall & Disney Springs gecə turu, dünyanın ən böyük su parklarından biri olan "Sea World"də dəniz turu təqdim edir.
"Sea World" turunda iştirak edərək burada müxtəlif heyvanlar ilə göstərilən şoular, su üzərində lazerlə, hava fişəngləriylə edilən nümayişləri izləyə bilər, ya da delfinlərlə üzməyin əsrarəngiz təcrübəsini yaşaya bilərsiniz.
3. London, İngiltərə
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, eyni zamanda İngiltərənin də paytaxtı olan və tarixi eramızın 43-cü ilinə gedib çıxan Londonu ən gözəl tərzdə təsvir etmək üçün müvafiq sözü tapmaq heç də asan deyil. Bu səs-küylü şəhər Vestminister Kilsəsindən Bukinqem Sarayına doğru uzanan tarixi təcəssümdən ibarətdir. Britaniya monarxlarının Londondakı rəsmi iqamətgahı olan Bukinqem Sarayını ziyarət etsəniz, qaravuldəyişmə mərasiminə diqqət etməyi unutmayın. Belə ki, bu mərasim aprel-avqust aylarında hər gün 11:30-da, ilin digər aylarında isə günaşırı həyata keçirilir.
Turistlər həmçinin məşhur Naytsbric bölgəsində alış-veriş edə, şəhərin simvollarından hesab edilən qırmızı rəngli iki-mərtəbəli avtobusda səfərə çıxa, dünyanın ən qədim metrolarından olan London metrosuna baş çəkə, şəhərin canlı mədəni həyatı ilə tanış olmaq üçün teatr tamaşalarını izləyə, dünyaca məşhur muzeyləri ziyarət edə bilərsiniz.
4. Venesiya, İtaliya
“Dənizlər Kraliçası” adlanan şəhər Avropanın ən bahalı şəhərlərindən biri hesab edilir.
Dar küçələr, balaca evlər və bu evlərin eyvanlarından asılan rəngarəng güllər hər küçəyə özünə məxsus gözəllik verir.
Venesiyaya səyahət edənlərin çoxunun ilk olaraq üz tutduğu Venesiya qayıqları - qondallardır. Turistlər bu şəhərdə nəqliyyat vasitəsi kimi kiçik paroxod və qondallardan istifadə edə bilərlər. Dünyanın əksər yerlərindən insanlar Venesiyaya, bəlkə də məhz onlara nağılvari dəniz səyahəti yaşadacaq qondal təcrübəsi yaşamaq üçün gəlirlər.
Venesiya olduqca bahalı şəhərdir. Yaxşı pul xərcləmədən burada dadlı xörək yemək mümkün deyil. Ənənəvi mətbəxtdə balıq və dəniz məhsullarından hazırlanan yeməklər üstünlük təşkil edir.
Şəhərin ən səs-küylü, turistlərin ən çox olduğu yer isə San-Marko meydanıdır. Burada San Marko kilsəsi və Doj Sarayı yerləşir.
Əgər yolunuz bu möhtəşəm şəhərdən düşsə, Kampanilla, Santa Mariya kilsəsi, Saat qülləsi, La Feniçe teatrı, Həsrət körpüsü kimi Venesiyanın digər görməli yerlərinə baş çəkməyi unutmayın.
5. Cancun, Meksika
Yukatan yarımadasında yerləşən Meksikanın Quintana Roo əyalətinə məxsus Cancun şəhəri açıq mavi dənizi və möhtəşəm çimərlikləri, çox saylı istirahət mərkəzləri və xüsusilə də gecə həyatı ilə turistləri cəlb edən məşhur turist destinasiyalarından biridir. 200-ə yaxın otel və istirahət mərkəzi ilə ildə təxminən 4 milyon turistə ev sahibliyi edir.
Şəhər bir-birindən fərqlənən iki hissədən ibarətdir – daha ənənəvi sayılan şəhərin işgüzar mərkəzi “El Centro” adlanan hissə və ətrafında çoxlu sayda otellərin, gecə klubları, alış-veriş mərkəzləri və restoranların yerləşdiyi dəniz kənarı “Zona Hotelera” adlanan hissə.
El Centro
Cancun şəhərinə səfər etsəniz, sizə unudulmaz təəssüratlar bəxş edəcək Dənizaltı Muzeyini ziyarət etməyi unutmayın.
6. Sevilya, İspaniya
Pirene dağlarından Aralıq dənizinə, oradan da Atlantik okeanına qədər İspaniya əmin olun ki, düşündüyünüzdən daha rəngarəng və fərqli ölkədir. Bura məşhur dəniz kurortları ölkəsidir. Eyni zamanda zəngin mədəniyyət nümunələri, dağ xizəkləri, balneoloji mərkəzləri, ixtisaslaşdırılmış idman mərkəzləri ilə də dünyanın ən çox turist qəbul edən ölkələri sırasındadır. İspaniyanın hər yeri gəzilib görüləsi olsa da, bir neçə məkan var ki, İspaniyaya səfər edib həmin yerlərə baş çəkməmiş qayıtmaq olmaz. Sevilya məhz belə şəhərlərdən biridir.
Cəlbedici turistik məkanlar, yüksək əvhal-ruhiyyəli festivallar və səs-küylü gecə həyatı bu şəhəri İspaniyanın ən çox görülməli məkanlarından birinə çevirir. Əndəlus vilayətinin paytaxtı olan Sevilya şəhəri həmçinin ölkənin maliyyə və mədəni mərkəzidir. Şəhər bir sıra gözəl və nüfuzlu tarixi tikililərə ev sahibliyi edir ki, onlardan ən mötəbəri inanca görə Kristofor Kolumbun yandırıldığı Sevilya Katedralıdır.
7. Paris, Fransa
İl boyu 45 milyondan çox turist qəbul edən Paris dünyanın ən aparıcı turist destinasiyasıdır. Fransanın şimalında, İl-de-Frans əyalətində, Sena çayı sahilində yerləşən şəhər Fransa Respublikasının paytaxtı, ölkənin mühüm iqtisadi, mədəni və inzibati mərkəzidir. “İşıqlar Şəhəri”, “Məhəbbət Şəhəri” və “Moda Paytaxtı” kimi bir neçə ləqəbi olan bu şəhər romantik ab-havası, kulinariyası, moda və sənət dünyası ilə məşhurdur.
Paris hər biri məxsusi xarakteristikasına görə seçilən və özünəməxsus turistik yerləri olan “arrondissement” adlanan 20 bələdiyyə dairəsinə bölünsə də, şəhər əsasən Eyfel Qülləsi, Zəfər Tağı, Versal Sarayı və Notr-Dam de Paris kilsəsi kimi əlamətdar məkanları ilə məşhurdur. Paris həmçinin Luvr və Orse kimi dünyanın ən möhtəşəm muzeylərinə də ev sahibliyi edir. Turistlərin sevimli məkanlardan biri də, şübhəsiz ki, 17-ci əsrdə Mediçi ailəsinin üzvü olan Marie de Mediçinin hakimiyyəti dövründə salınan Lüksemburq Bağıdır.
Moda Paytaxtı adlandırılan Paris “Yves Saint-Laurent”, “Lancome”, “L'Oréal” və “Christian Dior” kimi dünyanın ən yaxşı markaları ilə də tanınır. Şəhərin alış-veriş mənzərəsini isə iri ticarət mərkəzləri, açıq-hava bazarları, butiklər və bit bazarları formalaşdırır.
Parisə səfər edəcək turistlərin diqqətinə çatdıraq ki, ən asan və ucuz nəqliyyat vasitəsi olan metrodan rahatlıqla istifadə edə bilərlər, ancaq ən yaxşısı isə şəhəri qarış-qarış piyada gəzərək kəşf etməkdir.
8. Tokio, Yaponiya
Böyük şəhərləri və neon işıqlarına bürünmüş nəhəng göydələnləri ilə Yaponiya bu ölkəyə səfər edənləri görkəmli tarixi və zəngin mədəni irsi ilə qarşılayır. Küçələrdə gəzərkən insan eyni zamanda həm tarixin, həm müasirliyin izlərini görə bilir. Belə ki, bütün şəhərlərdə məbəd və ziyarətgahlara rast gələ bilərsiniz, həmçinin dünya səviyyəli restoran və barlar qədim qala və kral qəsrləri ilə iç-içə yerləşir. Hər kəs tərəfindən mütləq seviləcək bir cəhəti olan Yaponiya şəhərləri növbəti səfərinizi planlaşdırmağınız üçün ideal seçimdir.
Dünyada əhalinin ən çox məskunlaşdığı yerlərdən biri olan Tokioda təkcə metropol hissəsində 40 milyondan çox insan yaşayır və bu o deməkdir ki, şəhərdə hər kəsin zövqünə uyğun əyləncə tapmaq mümkündür. Tarixiliklə müasirliyin möhtəşəm vəhdətini yaradan şəhərin ən görülməli yerlərinə Meyci məbədi, Sensoji məbədi, Tokio qülləsi, İmperator Sarayı, Ueno parkı, Tokio Hökumət Binası, Tokio Milli muzeyi, Yoyoqi parkı, Akihabara Elektrik Şəhəri və s. daxildir. Şəhərin dolama küçələrində gəzişərkən köhnə tərzli barlara və yemək piştaxtalarına rast gələ bilərsiniz ki, buradakı təamların dadını xüsusi vurğulamaq lazımdır.
Bizi sosial şəbəkələrdən izləyin!!