Liderlərin yol verdiyi 3 BÖYÜK səhv | Banco.az

Liderlərin yol verdiyi 3 BÖYÜK səhv

Daha cəld, ən yüksəkdə, ən güclü. Güman edilir ki, əsl liderlərin devizi belədir. Lakin praktikada qələbəyə həddən artıq can atmaq yalnız mane ola bilər. Synergy Global Forumun natiqi, Harvard biznes məktəbinin professoru, liderlik üzrə təlimçi Marşall Qoldsmit bunu iddia edir.

İlk növbədə ən çox yayılmış səhvlərdən uzaq durmaq lazımdır. Kouç qələbəyə ifrat dərəcədə can atmaq, öz töhfəsini verməyə həddən artıq səy göstərmək və qiymətləndirmə ehtiyacını bu səhvlərə şamil edir.

 

Liderlik və ya idarəedicilik, hansı daha vacibdir?

Qələbəyə həddən artıq can atmaq

Professor qeyd edir ki, qaliblər hər şeydə rəqabət aparmağı və birinci olmağı xoşlayırlar. Buna görə də onlar mübahisəyə meylli olurlar, hətta bunu etmək zərər vurduğu hallarda belə hər vəchlə haqlı olduqlarını sübut etməyə çalışırlar. Valideynlər, övladlar və həyat yoldaşı ilə mübahisə də bu qəbildəndir. Qoldsmit özümüzə sual verməyə dəvət edir: Haqlı olduğunu sübut etməyə dəyərmi? Mübahisə etmək alınan nəticəyə dəyərmi?

Öz töhfəsini vermək arzusu

Qoldsmit bu keyfiyyəti mənfi qiymətləndirir. Belə ki, bu cəhət əməkdaşların motivasiyasını aşağı salır. Məsələn, işçi öz biznes layihəsini təqdim edir və rəhbər ona əsaslı düzəlişlər edirsə, ideya müəllifi özünü bu işdən uzaqlaşmış hiss edir, nəticədə layihənin reallaşdırılmasına olan marağı azalır.

Qiymətləndirmə tələbatı

Qoldsmitin müşahidələrinə əsasən, şəxsiyyətlərarası ünsiyyətin 65%-ni hər hansı şəxsin necə səfeh, səriştəsiz, yaxud da nə dərəcədə ağıllı, mükəmməl olduğunu müzakirə etmək təşkil edir. Belə vəziyyətdə əmək məhsuldarlığını artırmağın yeganə üsulu bu növ müzakirələri minimuma endirməkdir. Çünki heç nə öyrətməyən və qazandırmayan bu söhbətlər vaxt itkisidir. Qoldsmit az mühakimə edib, çox kömək etməyə səsləyir.

Ən sərfəli kredit üçün müraciət et

Nə etmək lazımdır?

Qoldsmit hesab edir ki, öz gücünə, gördüyün işə və ideyaya inanmaq lazımdır. Öz layihəsinin uğuruna əmin olan hər insan ona öz kapitalını yatırmağa hazır olmalıdır. «Əgər müştəri ona lazım olan nəticəni alsa, pullar sizə qayıdacaq. Yox, əgər nəticə olmazsa, pul da olmayacaq», o, öz mövqeyini izah edir.

Qoldsmit həmçinin lider-rəhbər və biznes-kouç vəzifələrini də müqayisə edir. Onun fikrincə, uğur və dəyişikliklər müştəridən asılıdır, kouç və ya rəhbərə bağlı deyil. Qoldsmit öz müştərisi olmuş Alan Malallini tez-tez nümunə göstərir. Alan Malalli Ford Motor şirkətini iflasdan qurtarmış biznesmendir. 2006-cı ildən2014-cü ilə qədər Ford Motorun CEO-su olmuşdur. Biznes-kouçun sözlərinə görə, Malalli onun kursunda digər müştərilərlə müqayisədə daha az müddət olub və hamısından yüksək nəticə göstərib.

İşlərin mərkəzində şəxsi eqo deyil, müştəri olmalıdır. Əgər müştəri üçün fərqi yoxdursa, vaxtınızı israf etməyin. Əgər sizin üçün də fərqi yoxdursa, vaxtınızı itirməyin. Vaxtınızı etinalı şəxslərə sərf edin.

Qoldsmit dəyişdirməyə gücünün çatmadığı işlərə vaxt itirməməyə çağırır: «Hər şeyi dərhal dəyişdirməyə çalışmayın. Ürəyiniz nə istəyirsə, onu seçin və onun üzərində çalışın. Bu, sizin hər hansı bir cəhətiniz və ya vərdişiniz də ola bilər. Bunun üzərində işləyərək həyatınız, doğmalarınız və biznesinizə müsbət təsir göstərə bilərsiniz».

Nigar Umaxanlı, banco.az