Qazın 97%-ni, elektrik enerjisinin 86%-ni Azərbaycandan alıb | Banco.az

Qazın 97%-ni, elektrik enerjisinin 86%-ni Azərbaycandan alıb

Bu il aprel ayında Gürcüstan Azərbaycandan 177 mln. kubmetr təbii qaz idxal edib. 

Bu barədə qonşu ölkənin builki təbii qaz balansında bildirilir.

Ötən ay Gürcüstanın aldığı qazın 97%-i Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və “Şahdəniz” Konsorsiumunun, dolayısı ilə Azərbaycanın payına düşüb.

Hesabat ayında Gürcüstan Rusiyadan cəmi 6 mln. kub metr qaz alıb ki, bu da aylıq "mavi yanacaq" istehlakının təxminən 3%-ni təşkil edib. Bu, 2017-ci ilin dekabr ayından bəri Gürcüstanın Rusiyadan ilk qaz idxalı olub. 2019-cu il üzrə təbii qaz balansı layihəsinə əsasən, qonşu ölkənin bu ilin sonuna qədər Rusiyadan qaz alması nəzərdə tutulmayıb. 

Gürcüstanın bu il idxal etdiyi elektrik enerjisinin 86%-i Azərbaycanın payına düşüb

Bu ilin yanvar-mart aylarında Gürcüstan Azərbaycandan 458,606 mln. kilovatt/saat elektrik enerjisi idxal edib.

Bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilir.

Hesabat dövründə qonşu ölkənin idxal etdiyi elektrik enerjisinin ümumi həcmi 533,04 mln. kilovatt/saat təşkil edib. Gürcüstanın elektrik enerjisi idxalının 86%-i Azərbaycanın payına düşüb.

Birinci rübdə Gürcüstan Rusiyadan 74,430 mln. kilovatt/saat həcmində elektrik enerjisi tədarük edib.

Yanvar-mart aylarında Gürcüstan ərazisi ilə Azərbaycandan Türkiyəyə 14,82 mln. kilovatt/saat həcmində elektrik enerjisi ötürülüb. 

Report.az