Belarus ilə Azərbaycanın ikitərəfli əlaqələrinin inkişafının nəticəsidir ki, 2018-ci ildə iki ölkə arasında turizm xidmətlərinin dövriyyəsi 21 milyon dollardan çox olub, bu isə 12 faizdən çox artım deməkdir.
Bu barədə müsahibəsində Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç deyib.
Səfir 2018-ci ilin Belarus ilə Azərbaycan arasında turizm əlaqələrinin inkişafı baxımından uğurlu il olduğunu bildirib. Qeyd edib ki, ötən il Azərbaycan vətəndaşları Belarusun sanatoriya-kurort və sağlamlıq müəssisələrində səfər edən xarici ölkə vətəndaşları arasında ilk beşlikdə qərarlaşıb.
G.Axramoviç bildirib ki, ötən ilin aprelində Belarusun turizm şirkətləri 17-ci Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2018”) sərgisində iştirak edib. Bu il də Belarus Respublikası Milli Turizm Agentliyi tərəfindən “AITF 2019” beynəlxalq sərgisində daha geniş milli ekspozisiya təqdim olunacaq. Həmçinin Azərbaycanın turizm şirkətlərinin Belarusda keçiriləcək ənənəvi sərgidə iştirakı planlaşdırılır.
© Azərtac