Azərbaycan Respublikası Prezidentinin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1433-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar imzaladığı Fərmanın icrası istiqamətində işlər aktiv davam etdirilir.
Fərmana əsasən bir ay müddətində dövlət satınalmalarının vahid internet portalının yaradılması, həmin portalın əsasnaməsi və dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin davranış kodeksi layihələrinin hazırlanması, dövlət satınalmaları ilə bağlı digər metodiki sənədlərin qəbul olunması nəzərdə tutulub.
Fərmandan irəli gələn məsələlərin effektiv və vaxtında icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 10 yanvar 2019-cu il tarixli 15s saylı Sərəncam da imzalanıb. Sərəncamla dövlət satınalmaları üzrə yeni mexanizmin tətbiqi məqsədilə aidiyyatı dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.
Bu çərçivədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın nəzdində yaradılan və əlaqədar qurumların nümayəndələrinin təmsil olunduğu işçi qrupunun görüşləri və müzakirələri təşkil olunub.
Qeyd edək ki, imzalanan Fərman ölkədə yeni elektron satınalma modelinə keçidi və bu əsasda dövlət satlınalmalarının effektiv planlaşdırılması və icrasını nəzərdə tutur. Yeni modeldə dövlət satınalmalarının həyata keçirilməsi zamanı tətbiq edilən qaydalar bərabər, ədalətli və rəqabətli iqtisadi imkanların yaradılması məqsədini daşıyır. Fərmana müvafiq olaraq elektron satınalma ilə bağlı bütün prosedurlar və qarşılıqlı informasiya mübadiləsi vahid internet portal vasitəsilə onlayn həyata keçiriləcəkdir. Bu məqsədlə satınalan təşkilat illik satınalma planını dövlət satınalmalarının vahid internet portalında yerləşdirəcək. Tender komissiyasının iclasları isə virtual şəkildə təşkil olunmaqla dövlət xərclərinin istifadəsi zamanı şəffaflığın daha da artmasını təmin edəcəkdir.
Eyni zamanda yeni elektron satınalma modeli çərçivəsində dövlət satınalmasının planlaşdırılması, tender təklifinin qəbul olunması və iddiaçıların hüquqlarının qorunması üzərində təkmil nəzarət mexanizmi yaradılır. Dəyişikliyə əsasən tender təklifinin təminatı 1-5%-dən 1%-ə endirilib, malgöndərənlərin şikayətlərinə baxılması müddəti 20 bank günündən 10 bank gününə və çıxarılan qərarlar elektron qaydada təqdim olunmaqla müddəti 3 bank günündən 1 bank gününədək azaldılıb. Bütövlükdə dövlət satınalması üzrə yeni modelin tətbiqi ölkədə rəqabətli satınalma metodlarından istifadəyə imkan verir, tam, etibarlı və vaxtında olan satınalma məlumatlarına ictimai çıxışı əhəmiyyətli dərəcədə yaxşılaşdırır.