“PAŞA Bank”ın qiymətli kağızlara investisiyası müştərilərə verilmiş kreditləri aşıb | Banco.az

“PAŞA Bank”ın qiymətli kağızlara investisiyası müştərilərə verilmiş kreditləri aşıb

2018-ci ildə “PAŞA Bank”ın satış üçün mövcud olan investisiya qiymətli kağızlara sərmayəsi kəskin artıb.

Ötən il “PAŞA Bank” qiymətli kağızlara investisiyasını 3,6 dəfə artırıb. Nəticədə, investisiya məbləği 2017-ci ilin sonundakı 395 milyon 944 min manatdan 2018-ci ilin sonunda 1 milyard 440 milyon 257 min manata çatıb. 2017-ci ilin əvvəlində “PAŞA Bank” qiymətli kağızlara cəmi 106 milyon 274 min manat investisiya yatırmışdı. Son 2 ildə investisiya 13,5 dəfə artıb.

Diqqəti çəkən “PAŞA Bank”ın qiymətli kağızlara investisiyasının müştərilərə verilmiş kreditləri aşmasıdır. 31 Dekabr 2018-ci il tarixində müştərilərə verilmiş kreditlər 1 milyard 320 milyon 893 min manat təşkil edərkən, qiymətli kağızlara investisiya 1 milyard 440 milyon 257 min manat olub (9% çox).

Ən sərfəli kredit üçün müraciət et

Ötən il “PAŞA Bank”ın müştərilərə veridiyi kreditlər 40% artıb. 2017-ci ilin sonunda kredit portfeli 1 milyard manatdaan aşağı – 943 milyon 099 min manat idi.

Bunlardan başqa, “PAŞA Bank” digər kredit təşkilatlarına 1 milyard  99 milyon 889 min manat borc verib.

Xəbər verdiyimiz kimi, “PAŞA Bank” ASC 2018-ci ili 77 milyon 57 min manat xalis mənfəət ilə başa vurub. Daha ətraflı: “PAŞA Bank”ın xalis mənfəətində böyük artım