Merkelin Bakı səfəri iqtisadi baxımdan nə vəd edir? - RƏY | Banco.az

Merkelin Bakı səfəri iqtisadi baxımdan nə vəd edir? - RƏY

Almaniya kansleri Angela Merkelin Azərbaycana səfəri yalnız siyasi deyil, iqtisadi baxımdan da diqqəti cəlb edir.

Bunu açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, Almaniya Avropa Birliyində, o cümlədən, avrozonada aparıcı dövlət hesab olunur. 3 trilyon 684 milyard dollar nominal ÜDM-i olan Almaniya iqtisadiyyatının həcminə görə Avropada birinci, dünyada isə dördüncüdür:

“1.4 trilyon dollarlıq ixracla isə Almaniya dünyada üçüncüdür. Dünya ikincisi olan Amerika Birləşmiş Ştatları ümumi ixracatda Almaniyanı cəmi 175 milyard dollarlıq artıqlıqla qabaqlayır.

İkincisi, Almaniya Azərbaycanın əsas ticarət tərəfdaşlarından hesab olunur. Doğrudur, 2014-cü ildə 2.67 milyard dollarlıq ümumi ticarət dövriyyəmiz ötən il 894 milyon dollaradək azalıb. Amma bunun əsas səbəbi enerji məhsullarımızın son ixrac trajektoriyasının dəyişdirilməsi ilə bağlıdır.

Üçüncüsü, təxminən yarım milyard dollarlıq sərmayə qoyuluşu ilə Almaniya şirkətləri son illər Azərbaycan iqtisadiyyatında aktivdirlər”.

Ən sərfəli kredit üçün müraciət et

Ekspertin sözlərinə görə, Almaniya kanslerinin səfəri zamanı müzakirə ediləcək iqtisadi məsələlər sırasında mavi qazın Avropaya çatdırılması və eləcə də, ölkəmizin Avropa Birliyi ilə aparılan danışıqların üstünlük təşkil etməsi gözləniləndir:

“Cənubi Qaz Dəhlizi, əsasən, Cənubi Avropaya hədəflənsə də, Almaniya bu təşəbbüsü fəal dəstəkləyənlərdəndir. Avropa aparıcısı bununla qitədə enerji asılılığını mərhələli şəkildə azaltmağa çalışır.

Xəzərin statusunun razılaşdırılmasından sonra isə Qərb Türkmənistanın da Cənub Qaz Dəhlizinə qoşulacağına ümid edir. Almaniyanın Qafqaz siyasəti üçün Avropa Birliyi ilə Azərbaycan arasında müzakirə edilən və imzalanması gözlənilən yeni strateji tərəfdaşlıq sazişi də ciddi əhəmiyyət daşıyır.

Bu anlaşmalar təkcə siyasi deyil, eyni zamanda, iqtisadi əməkdaşlığı təşviq edir. Bütövlükdə, Almaniya kanslerinin Qafqaz və o cümlədən, Bakı səfəri qısa müddətli olsa da, region üçün əhəmiyyətli hesab oluna bilər”.

Fed.az