Azərbaycanın bank sektorunda verilmiş kreditlərin depozit portfelinə (Loan to deposits, LTD) nisbəti əmsalı 2017-ci ilin yekununa orta qiymətlə 138,2 bənd təşkil edib.
Dünya praktikasında bu əmsalın 80-90 bənd diapazonunda olması məqbul sayılır.
Mərkəzi banklar kommersiya banklarına bununla bağlı normativlər tətbiq etmir. Lakin bu əmsalın yüksək olması o deməkdir ki, banklar digər mənbələrdən kreditləşməni təmin edib. Bu da ya səhmdarların kapitalı, ya da xarici borclar hesabına formalaşır. Əmsalın yüksək olması problemli kreditlərin artması durumunda ehtiyat ayırmalarının yüksəlməsinə, bu isə, öz növbəsində, bankın kapital kəsirinə səbəb olur. Həmçinin böhran dövrlərində depozitlərin geri çəkilməsi də bankları çətin maliyyə vəziyyəti ilə qarşı-qarşıya qoyur.
Azərbaycanda 2017-ci ilin yekunlarına görə, məqbul LTD əmsalı "Bank of Baku" və "Ziraat Bank Azerbaijan"da qeydə alınıb.
Report.az