Bugün, daha əvvəl çox da diqqət etmədiyimiz, lakin, son dönəmdə, xüsusən də bir sıra bankların bağlanması ilə önəmli məsələlərdən birinə çevrilən məqama toxunacağıq.
Söhbət banklara pullarını yatıran əmanətçilərdən və həmin əmanətlərin sığortalanmasından gedir. Demək, bildiyimiz kimi banklarımızın əksəriyyəti Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və bu banklarda yerləşdirilən əmanətlər sığortalanır. Üzv banklar onlara yatırılan əmanətlərin Fond tərəfindən tam olaraq sığortalandığını deyərək, müştəriləri cəlb etmək üçün daha yüksək faizli əmanət məhsullarını onlara təqdim edirlər.
Bununla bərabər, son dönəmdə banklar əmanətçilərinə müxtəlif hədiyyələr təklif edir ki, bununla bağlı da bir sıra problemlər yaşanıb. Belə ki, bağlanan bankların ardından müştərilər sığortalandığını zənn etdikləri əmanətlərinin bank tərəfindən təqdim olunan hədiyyələri qəbul etdikdən sonra qorunmayan əmanətə çevrildiyini öyrəniblər.
Problemi daha dərindən araşdırdıq və bir neçə quruma müraciət etdik. Araşdırmamız isə belə oldu:
Yüksək faizli əmanətlər Fond tərəfindən sığortalanırmı? Əmanətçilərin bankdan aldığı hədiyyələr əmanətini sığortasız edirmi?
Əmanətlərin Sığortalanması Fondunun qaydalarına əsasən, Fonda üzv banklar tərəfindən qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır və tam kompensassiya olunur. Bu isə o deməkdir ki, faiz dərəcəsi xarici valyutada illik 3%-dən, milli valyutada isə illik 15%-dən yüksək olan əmanətlər Fond tərəfindən tamamilə sığortalanmır və Bank bağlandıqda və ya sığorta hadisəsi baş verdikdə əmanətçilərə heç bir kompensasiya ödənilməyəcək.
Buna baxmayaraq, bir sıra banklar hal-hazırda xarici valyutada faiz dərəcəsi 3%-dən çox olan əmanət məhsullarını təklif edirərək, bu əmanətlərin Fond tərəfindən sığortalandığını və qorunan əmanət olduğunu müştərilərə bildirirlər. Yadınıza salaq ki, eyni hadisə Dəmirbank-da da baş vermişdi. Bank xarici valyutada 3%-lik əmanətlərə bonus olaraq 2%-in bank tərəfindən hədiyyə edildiyini deyirdi. Bu isə əmanətin faktiki faizini 5% edirdi. Müştərilər bu əmanətlərin Fond tərəfindən sığortalandığını düşünsə də - ki bankdan onlara belə deyilmişdi - Bank bağlandıqdan sonra bu əmanətlərin qorunan əmanət olmadığı ortaya çıxdı.
Əmanətlərin Sığortalanması Fondu: "BU ƏMANƏTLƏR FONDUMUZ TƏRƏFİNDƏN SIĞORTALANMIR".
Əmanətlərin Sığortalanması Fondundan aldığımız məlumata görə banklar yüksək faizli əmanətlərin sığortalandığını desə də, bu heç də belə deyil. "Yerli valyutada illik 15%-dən, xarici valyutada illik 3%-dən çox faiz dərəcəsi tətbiq edilən əmanətlər Fond tərəfindən bütünlükdə qorunmur və sığortalı deyil. Həmçinin əmanətçilər, bank-dan hər hansı hədiyyə qəbul edərsə, bu əmanəti qorunan olsa da, avtomatik olaraq qorunmayan edir. Məsləhət görürük ki, əmanətinizin sığortalı olmasını istəyirsinizsə, bu cür hədiyyələri qəbul etməyəsiniz".
Mövzu ilə əlaqədar ekspertlərə də müraciət etdik.
"TƏBİİ, BU HALDA BANKLAR VƏTƏNDAŞLARI ALDADIR".
Məsələ ilə bağlı sualımızı cavablandıran hüquqşünas ekspert Əkrəm Həsənov bunları dedi:
- Təbii, banklar bu halda vətəndaşları aldadır. Əmanətlərin Sığortalanması Fondu haqlıdır və belə əmanətləri kompensasiya etməməlidir. Buna görə də vətəndaşlar bankların bu hoqqasına getməsin. Gedib problemlə üzləşənlər isə (məsələn, Dəmirbankda) onlara vurulan zərərin əvəzini həmin bankın rəhbərliyindən və Maliyyə Bazarlarına Nəzarət Palatasından tələb edə bilər. Çünki birincilər bu fəndə əl atıb, ikinci isə buna göz yumub. Palata banklara nəzarət edən orqandır, o cümlədən istehlakçıların hüquqlarının qorunması üzrə.
Vətəndaş axı bunu bilmir və bank onu aldadır. Buna isə nəzarəti Palata həyata keçirməlidir. Palatanın Nizamnaməsinin 2.1-ci bəndində deyilir ki: "Palatanın əsas məqsədi Azərbaycan Respublikasında maliyyə bazarlarının səmərəli fəaliyyətini və dayanıqlığını təmin etmək, kreditorların, sığortalıların, investorların və maliyyə bazarlarının digər istehlakçılarının hüquqlarını qorumaqdır."
"SIĞORTALANAN ƏMANƏTÇİLƏRİN ELEKTRON BAZASI YARADILMALIDIR"
Məsələ ilə bağlı iqtisadçı ekspert Samir Əliyevə də müraciət etdik. Ekspert suallarımıza belə aydınlıq gətirdi:
- Milli valyutada 15%-dən, xarici valyutada 3%-dən çox faiz dərəcəsi olan heç bir əmanət Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalana bilməz. Əgər bank bağlanarsa dövlət, yalnız göstərilən parametrlərdə olan əmanətlərə görə kompensasiya ödəyəcək. Qalan əmanətlərin ödənilməsi isə bankın üzərinə düşəcək. Burada isə istehlakçıların hüquqlarının pozulması halları üzə çıxa bilər. Buna görə də, banka əmanət yerləşdirən müştərilər mütləq müqaviləni oxumalıdırlar. Bəlkə bank həmin əmanətləri Fond hesabına deyil, digər hər hansı sığorta şirkəti ilə sığortalayır və ya ümumiyyətlə sığortalamır. Müqavilə şərtləri ilə yaxından tanış olmaq vacibdir ki, həmin əmanətin dövlət tərəfindən sığorta olunduğuna əmin olsunlar. Yoxsa həmin əmanətin taleyi sual altında olacaq.
Banklar əmanətin faiz dərəcəsinə əlavə olaraq müəyyən faiz hədiyyə edə bilərlər, hansı ki, bu, əmanətin faktiki faizini qeyd olunan limitlərdən yuxarı edir və deyə bilərlər ki, əmanətin müəyyən olunmuş faizə qədər olan hissəsi Əmanətlərin Sığortalanması Fondu tərəfindən, hədiyyə faiz dərəcəsi həddində isə bankın özü tərəfindən sığortalanır. Lakin bu, qanunla mümkün deyil.
Müştərilərin aldanmaması üçün biz, belə bir təklif irəli sürmüşdük ki, Əmanətlərin Sığortalanması Fondunda elektron baza yaradılsın və əmanətçilər bank tərəfindən onlara verilən əmanətçi kodu ilə ƏSF-nin elektron bazasına daxil olsunlar və əmanətlərinin Fond tərəfindən sığortalanıb-sığortalanmadığını bu yolla dəqiqləşdirsinlər. Bu, yarana biləcək neqativ halların qarşısını almaq üçün əsas çıxış yolu ola bilər.
Sonda, bununla bağlı bank sektoruna nəzarəti həyata keçirən qurum - Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əlaqə saxladıq. Sualımızı cavablandıran Mətbuat aktibi Elşən Allahverdiyev Palatanın bankların tətbiq etdiyi faiz dərəcələrinə müdaxilə etmədiyini, lakin, banklar tərəfindın yüksək faiz dərəsi ilə müəyyən olunan əmanətlərin qorunan olduğunu deməsinin doğru hal olmadığını bildirdi.