Sosial mənzilləri kimlər alacaq? - AÇIQLAMA | Banco.az

Sosial mənzilləri kimlər alacaq? - AÇIQLAMA

Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisi çərçivəsində yaşayış binasını tikəcək şirkət artıq müəyyənləşib. “KAT Holding” MMC tərəfindən inşa olunacaq 12 mərtəbəli 60 mənzillik bir bina Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına veriləcək, həmin binanın yaşayış sahələri “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılaraq güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq.  

O ki qaldı mənzillərin kimlərə veriləcəyinə, iqtisadçı-ekspert Vüqar Bayramov açıqlamasında bildirib ki, sosial mənzil şəhərciyində yalnız güzəştli kateqoriya üçün deyil, həmçinin güzəşt hüququ olmayan vətəndaşlar üçün də mənzillərin satılması nəzərdə tutulacaq: “Belə ki, “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti 3 yaşayış binasının (iki ədəd 12 mərtəbəli 1 bloklu və bir ədəd 9 mərtəbəli 2 bloklu) tikintisi ilə bağlı inşaat şirkəti ilə müqavilə bağlayıb. İnvestor tərəfindən inşa olunacaq 12 mərtəbəli 60 mənzillik bir bina Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamına veriləcək, həmin binanın yaşayış sahələri “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılaraq güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq”.

Ən sərfəli kredit üçün müraciət et

Ekspert deyir ki, digər iki bina şirkət tərəfindən birbaşa şəhərcikdə mənzil almaq istəyi olanlara təklif ediləcək. Nəticədə, şəhərcikdə yerləşəcək həmin binalardakı mənzillərə güzəştli kateqoriyadan olmayan vətəndaşlar da sahib ola biləcək: “Gözlənilir ki, həmin binalardakı mənzillərin qiyməti sosial mənzillərə nisbətən daha yüksək olacaq. Təbii ki, “MİDA” həmin binalardakı mənzillərin qiymətinə müdaxilə etməyəcək, bu, birbaşa əmlak bazarındakı qiymətlərə uyğun olacaq. Bununla yanaşı, əgər vətəndaşın güzəştli statusu yoxdursa və sosial mənzil şəhərciyində evə sahib olmaq istəyirsə, o zaman sözügedən 2 binadakı mənzillərə müraciət etmək hüququ olacaq”.

Onun sözlərinə görə, 60 mənzillik 12 mərtəbəli binanın MİDA-nın sərəncamına verilməsi sosial evlərin ümumi xərcinin və eləcə də, sosial mənzillər üçün aylıq ödəniş məbləğinin azalmasına səbəb ola bilər.

Mənbə: Oxu.az