Azərbaycan manatının 2015-ci ildə ikili devalvasiyası ötən il bank sektorunda qeyri-işlək kreditlərin həcminin artması, banklardan əmanətlərin çıxarılması ilə nəticələnib.
Bunu Bakıda “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda keçirilən konfransda çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.
Onun sözlərinə görə, vəziyyəti düzəltmək üçün Azərbaycanda bank sektorunun sağlamlaşdırılması istiqamətində tədbirlər görülüb, kapitalla bağlı problemi olan banklar sistemdən kənarlaşdırılıb, banklardakı əmanətlər 100% sığortalanıb.
“Hazırda kapitalla bağlı problemi olan 5 bank xüsusi nəzarət altındadır, ilin ortasına qədər onlar kapitallaşma ilə bağlı problemi həll etməlidir. Paralel olaraq Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması davam etdirilir, onun xarici öhdəlikləri restrukturizasiya edilir. Banklarda kredit portfelinin keyfiyyəti stabilləşib”, - deyə MBNP rəhbəri əlavə edib.
© Report