Yeni qərar spirtli içki və siqaretlərin qiymətini aşağı salacaqmı? | Banco.az

Yeni qərar spirtli içki və siqaretlərin qiymətini aşağı salacaqmı?

“Alkoqollu içkilərin, tütün məmulatlarının idxalı, tranziti və ixracı zamanı lisenziya, o cümlədən Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsulları üçün keyfiyyət sertifikatının tələb edilməyəcəyinin qiymətlərə hər hansı bir formada təsir göstərəcəyini zənn etmirəm”.

Bu barədə açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

“Ümumiyyətlə, hesab edirəm ki, bu, sırf gömrük prosedurasına aid, yəni bunun sadələşdirilməsi məqsədilə həyata keçirilən tədbirdir. 

Həm də ki, sözügedən sahədə bizdə bazarda vəziyyət elədir ki, müəyyən rəqabət vardır. Yəni, söhbət əgər bilavasitə idxal olunan məhsullardan gedərsə, onların yerli istehsalı da vardır və kifayət qədər də rəqabətqabiliyyətlidir.

Ən sərfəli kredit üçün müraciət et

Düzdür, bəzi növ məhsullar üzrə inhisar mövcud olduğu üçün qeyd etdiyim rəqabət qabiliyyətlilik ixrac imkanları üçün heç də uyğun gəlmir, yəni cavab vermir.

Bu xüsusda, məsələn, tütün məmulatlarının adını çəkmək olar. Lakin sözüm bunda deyil. Nazirlər Kabinetinin “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda etdiyi dəyişikliklərdə əksini tapan bu tədbir hesab edirəm ki, əsas etibarı ilə ixrac imkanlarımız üçün effektiv nəticələr göstərə bilər. Keyfiyyət məsələsinə gəldikdə, bunu bazar özü tənzimləyəcək”.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, sabahdan alkoqollu içkilərin, tütün məmulatlarının idxalı, tranziti və ixracı zamanı lisenziya, o cümlədən Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsulları üçün keyfiyyət sertifikatı tələb edilməyəcək.

Mənbə: Oxu.az