ARDNF-in daşınmaz əmlaka yatırdığı investisiyalar özünü doğruldur - ARAŞDIRMA | Banco.az

ARDNF-in daşınmaz əmlaka yatırdığı investisiyalar özünü doğruldur - ARAŞDIRMA

Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) xarici ölkələrdə daşınmaz əmlaka yatırdığı investisiyalar özünü doğruldub. "Bloomberg" agentliyinə istinadən xəbər verilir ki, ARDNF-in xarici ölkələrdə investisiya yatırdığı daşınmaz əmlaklarda icarə haqqı artıb.

Ən ciddi artım Yaponiyada qeydə alınıb. Belə ki, Tokionun ən məşhur ticarət ərazisi sayılan Çou prospektində yerləşən "Kirarito Ginza" ticarət tipli daşınmaz əmlakda 1 kvadratmetr üçün orta illik icarə haqqı 41,6%-dən çox artaraq 1,249 dollara çatıb. 2015-ci ildə ARDNF məhz bu daşınmaz əmlakın icarəsindən 722 mln. 169 min 920 yapon yeni və ya 10 mln. 820 min 994 manat gəlir əldə edib. İcarə haqqının dəyərindəki artım tendensiyası qorunarsa, ARDNF "Kirarito Ginza" ticarət tipli daşınmaz əmlakın icarəsindən ötən il olduğu kimi 10,8 mln. manat deyil, 15 mln. manatdan artıq gəlir əldə edəcək.

Daha bir ciddi artım İtaliyanın Milan şəhərinin daşınmaz əmlak bazarında qeydə alınıb. Milanın Via Montenapaleone küçəsində yerləşən daşınmaz əmlaklarda 1 kvadratmetr üçün orta illik icarə haqqı 19,7%-dək artaraq 1239 dollara çatıb. ARDNF bu ilin əvvəlində Milanın tarixi biznes mərkəzində yerləşən və dəyəri 97 mln. avro təşkil edən "Palazzo Turati" ofis binasının satın alınmasına dair razılıq əldə edib. Binanın satıcısı qismində "Texnoholdinq S.P.A." çıxış edib.

ARDNF-in investisiya yatırdığı Cənubi Koreyanın paytaxtı Seul şəhərində də daşınmaz əmlak bazarı canlanıb. Belə ki, Seulun Myeongdong prospektində yerləşən daşınmaz əmlakın 1 kvadratmetrinin orta illik icarə haqqı təxminən 2,9% artaraq 908 dollar təşkil edib. Xatırladaq ki, ARDNF 2015-ci ildə Seulda yerləşən "Payn Avenyu A qülləsi" ofis kompleksinin icarəsindən 31 mlrd. 71 mln. 645 min 406 Koreya vonu və ya 41 mln. 542 min 790 manat həcmində gəlir əldə edib. Qeydə alınan tendensiya qorunduğu halda, ARDNF Seulun daşınmaz əmlak bazarına yatırdığı investisiya hesabına ötən ilə nisbətən təxminən 2 mln. manat çox gəlir əldə edə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Fransanın paytaxtı Parisin Avenue des Champs Elysees prospektində yerləşən daşınmaz əmlakının 1 kvadratmetrinin orta illik icarə haqqı təxminən 0,3% ucuzlaşaraq 1368 dollara enib. Ötən il ARDNF Parisin Vandom meydanı 8 ünvanında yerləşən ofis və ticarət obyektlərindən ibarət olan daşınmaz əmlak kompleksinin icarəsindən 5 mln. 860 min 400 avro və ya 10 mln. 15 min 423 manat gəlir əldə edib. Beləliklə, bu il Fransanın daşınmaz əmlak bazarına yatırılan investisiyadan ARDNF gəlirlərini cüzi azalda bilər.

Böyük Britaniyanın daşınmaz əmlak bazarında da neqativ meyllər var. Belə ki, Londonun New Bond Street, UK1,283 küçəsində yerləşən daşınmaz əmlakın 1 kvadratmetrinin orta illik icra haqqı təxminən 2,9% ucuzlaşaraq 1283 dollara enib. ARDNF isə Londonun Seynt Ceyms 78 ünvanında yerləşən ofis kompleksinə sahibdir və fond ötən il kompleksin icarəsindən 9 mln. 648 min 48 ingilis funt sterlinqi və ya 19 mln. 896 min 204 manat gəlir əldə edib. Bundan öncə "Bloomberg" agentliyi "Deutsche Bank"ın hesabatına istinadən bildirib ki, gələn ilin sonunadək Londonun mərkəzi hissəsində yerləşən dəyəri 30% azala bilər. Buna səbəb Böyük Britaniyanın Avropa İttifaqından çıxmasıdır. Hesabatın müəllifi Saymon Uolles bildirib ki, qiymətlər hazırda da azalmaqdadır, lakin gələn il bu proses daha da sürətlənəcək: "Biz Londonun daşınmaz əmlak bazarına investisiya yatırmaq istəyən investorlara gələn ilin sonunadək gözləməyi tövsiyə edirik".

Ümumilikdə, ARDNF ötən il xaricdəki daşınmaz əmlakın icarəsindən 90 mln. 702,203 min manat qazanıb.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et