Xalq Bank beynəlxalq əməkdaşlıq əlaqələrini daha da genişləndirərək Türk Eximbankın (Türkiye İhracat Kredi Bankası A.Ş.) 830 mln. ABŞ dolları məbləğində sindikat kreditləşməsi layihəsində iştirak etmişdir.
Müxtəlif ölkələrdən 32 maliyyə qurumunun yer aldığı layihə üzrə ayrılmış vəsait Türkiyənin real sektorunda fəaliyyət göstərən ixracatçıların maliyyələşmə ehtiyaclarının qarşılanmasına xidmət edəcək. Vəsaitlər ekoloji cəhətdən təmiz məhsullar istehsal edən kiçik və orta sahibkarlar, eləcə də qadın sahibkarlar da daxil olmaqla ixracatçıların maliyyələşdirilməsi istiqamətində istifadə ediləcək.
Müəyyən edilmiş kreditləşmə meyarları Xalq Banka dayanıqlı inkişaf və sosial məsuliyyət sahəsində beynəlxalq standartlara uyğun layihələrin maliyyələşdirilməsini dəstəkləmək imkanı yaradır. Qeyd edək ki, Xalq Bank əvvəlki dövrlərdə də ESG və dayanıqlı inkişaf standartlı müxtəlif irihəcmli beynəlxalq sindikat kreditləşməsi layihələrində iştirak etmişdir.
