ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (Federal Reserve System, FED) 13-14 dekabr tarixlərində baş tutacağı iclasda uçot dərəcəsini artırmaq ehtimalı 94%-dək yüksəlib. Bu barədə "Bloomberg" agentliyi bazar iştirakçılarına istinadən yazır.
"Analitiklər noyabr ayında uçot dərəcəsinin artırılmayacağına işarə edirdi və elə də oldu. Səbəb aydın idi - qarşıdan prezident seçkiləri gəlirdi. Lakin seçkilərdən sonra proseslər tam fərqli məcrada cərəyan edir. Buna görə, dekabrda keçiriləcək iclasda uçot dərəcəsinin artırılması ehtimalı ən yüksək həddə çatıb", - deyə agentlik yazır.
"Royal Bank of Canada"nın iqtisadçısı Su-Lin On (Su-Lin Ong) bildirib ki, prezident seçilən Donald Trampın vergi yükünün azaldılması və infrastruktura investisiyaların artırılması ilə bağlı vədləri investorları ümidləndirir: "ABŞ-da iqtisadi artım tempi 2017-ci və sonrakı illərdə daha da sürətlənəcək. Tramp və onun komandası bizi ümidləndirir, lakin onlardan daha çox şəffaflıq gözləyirik".
Sent Luis ştatının Federal Ehtiyatlar Bankının prezidenti Ceyms Bullard (James Bullard) da dekabrda keçiriləcək toplantıda uçot dərəcəsinin artırılacağına işarə edib: "Böyük ehtimalla, dekabrda gözlədiyimiz baş verəcək və bir artım monetar siyasəti neytral vəziyyətə gətirmək üçün yetərlidir".
Boston ştatın Federal Ehtiyatlar Bankının prezidenti Erik Rozenqren (Eric Rosengren) isə bildirib ki, yalnız fövqəladə hadisənin baş verməsi FED-i uçot dərəcəsinin artırılması fikrindən daşındıra bilər.
FED-in Direktorlar Şurasının üzvü Daniel Tarullo (Daniel Tarullo) isə qeyd edib ki, faiz dərəcələrinin artırılması əvvəlki dövrlə müqayisədə hal-hazırda daha realdır.
Filadelfiya ştatının Federal Ehtiyatlar Bankının prezidenti Patrik Harker (Patrick Harker) isə qarşıdan gələn toplantıda uçot dərəcəsinin 0,25% artırılmasının tərəfdarı olduğunu bildirib.
Yeri gəlmişkən, bu gün birjaların diqqəti ABŞ Senatında çıxışı gözlənilən Canet Yellenə (Janet Yellen) yönəlib.
Mənbə: Apa.az