"Azərbaycana səfərimin əsas məqsədi Asiya İnkişaf Bankının (ADB) yaradılmasının 50 illiyini qeyd etməkdir".
Bunu jurnalistlərə açıqlamasında ADB-nin vitse-prezidenti Vensay Canq (Wencai Zhang) deyib.
Onun sözlərinə görə, təmsil etdiyi beynəlxalq maliyyə qurumu Azərbaycanda iqtisadi inkişafa dəstək verə bilər: "Mən Azərbaycanın inkişafına hansısa formada dəstək verə biləcəyimizi müzakirə etmək üçün burdayam. Bir sıra rəsmi şəxslərlə görüşdüm. Bu görüşlər hamısı səmərəli oldu. Üçüncü dəfədir ki, Azərbaycana səfər edirəm. Səfər əsnasında ən son iqtisadi prosesləri müzakirə etdik. Həmçinin növbəti 3 il üçün əməkdaşlıq planlarını müzakirə edib, razılaşdırırıq".
V.Canq qeyd edib ki, ADB bu günə qədər Azərbaycana 2,8 mlrd. dollar kredit və qrant ayırıb: "Təşkilatımız Azərbaycanda struktur islahatların aparılması, texniki yardımlar göstərilməsi ilə bağlı müzakirələr aparır. Biz ənənəvi sahələrlə yanaşı yeni sahələrdə də əməkdaşlıq edə bilərik".
ADB rəsmisi "Şahdəniz" layihəsinə də dəstək verəcəklərini bildirib: "Hazırda Şahdəniz layihəsi ilə bağlı Direktorlar Şurasının qərarı gözlənilir. Biz həmçinin qarşıdakı 3 ildə siyasi islahatların aparılmasına makro səviyyədə dəstək verəcəyik".
Mənbə: Report.az