Azərbaycan Mərkəzi Bankı (AMB) metal pul nişanlarının məhv edilməsi sisteminin satın alınması məqsədi ilə keçirdiyi tenderin müddətini uzadıb.
Məlumata görə, tenderdə iştirak etmək məqsədi ilə lazımi sənədlərin təqdim olunması üçün son tarix oktyabrın 13-dən noyabrın 17-nə qədər, tender təklifləri və bank təminatının təqdim edilməsi üçün son tarix isə oktyabrın 21-dən noyabrın 25-nə qədər uzadılıb. Sənədlər AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi,90 ünvanındakı inzibati binasında qəbul olunur.
Bundan başqa, əgər əvvəlki şərtlərdə tender təklifi 1 mart 2017-ci ilə qədər qüvvədə olmalı idisə, yeni şərtlərdə bu tarix aprelin 3-nə keçirilib. Bank təminatının qüvvədə olma müddəti isə 20 aprel 2017-ci ildən 16 may 2017-ci ilə keçirilib.
Tender təkliflərinə baxılması tarixi isə 24 oktyabr 2016-cı il tarixindən 28 noyabr 2016-cı il tarixinə dəyişdirilib. Təkliflərə adı çəkilən ünvanda baxılacaq.
Qeyd edək ki, tenderdə iştirak haqqı 300 manatdır. İddiaçılar qəpiklərin təhlükəsiz və avtomatlaşmış qaydada məhv edilməsi sistemlərinin istehsalı, quraşdırılması və bu sistemlərin digər avtomatlaşmış sistemlərə inteqrasiyası sahəsində müvafiq təcrübəyə malik ixtisaslaşmış mütəxəssisin ətraflı CV formasını təqdim etməlidirlər.
Mənbə: Report.az