"Daşkəsən Filizsaflaşdırma"nın özəlləşdirilməsinin məsləhətçisi KPMG seçilib | Banco.az

"Daşkəsən Filizsaflaşdırma"nın özəlləşdirilməsinin məsləhətçisi KPMG seçilib

Azərbaycan prezidentinin "Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında" sərəncamının icrası ilə əlaqədarƏmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Komitədən "APA-Economics"ə verilən məlumata görə, özəlləşdirmənin daha səmərəli və ölkənin strateji maraqlarına uyğun keçirilməsi məqsədi ilə prosesə nüfuzlu məsləhətçi şirkətin cəlb edilməsi üçün komitə tərəfindən açıq tender elan olunub.
Tender haqqında məlumatlar ƏMDK-nin rəsmi internet səhifəsində yerləşdirilib. Tender prosesinə böyük maraq olub, 8 nüfuzlu məsləhətçi şirkət iddiaçı qismində iştirak edib və bunlardan 4-ü konsorsium şəklində təklif təqdim edib. Tender Komissiyasının qərarına əsasən, daha səmərəli fəaliyyət planı və ən aşağı qiymət təklif edən "KPMG Azerbaijan Limited" şirkətinin Azərbaycandakı nümayəndəliyi açıq tenderin qalibi seçilib.
Tenderin qalibi komitəyə göstəriləcək məsləhət xidmətləri çərçivəsində "Daşkəsən Filizsaflaşdırma" ASC-nin beynəlxalq norma və standartlar əsasında qiymətləndirilməsini, müəssisənin maliyyə-iqtisadi təhlillərinin aparılmasını, müəssisənin fəaliyyətinin inkişaf etdirilməsi məqsədi ilə tələb olunan investisiyaların təxmini həcminin və istiqamətlərinin müəyyən edilməsini, özəlləşdirmə prosesinə yerli və xarici investorların cəlb edilməsi üçün məlumat memorandumunun tərtib olunmasını, investisiya müsabiqəsinin təşkili və keçirilməsi ilə bağlı zəruri sənədlərin hazırlanmasını, habelə ƏMDK-nin tələbi ilə digər işlərin görülməsini təmin edəcək.

Ən sərfəli kredit üçün müraciət et

"Daşkəsən Filizsaflaşdırma" ASC-nin investisiya müsabiqəsi üsulu ilə özəlləşdirilməsi zamanı dövlət büdcəsinə ödənişlə yanaşı, ən çox investisiya qoyan və onun daha səmərəli qoyuluşunu təklif edən investorlara üstünlük veriləcək. Özəlləşmə nəticəsində yerli xammala əsaslanan, idxalı əvəz edən və ixrac potensiallı polad məhsulların ölkə daxilində istehsalını təmin edəcək qeyri-neft sektorunda ən böyük klasterin yaradılması nəzərdə tutulur. İnteqrasiya olunmuş polad zavodlarının tikintisi və sonrakı dövrlərdə, əsasən bölgələrdə olmaqla minlərlə yeni iş yerinin açılmasına şərait yaranacaq. Milli iqtisadiyyatın səmərəliliyinin artırılması və qeyri-neft sektorunun inkişaf etdirilməsi baxımından müəssisənin uğurla özəlləşdirilməsi böyük əhəmiyyət daşıyır.

Mənbə: APA.az

Ən sərfəli krediti almaq üçün müraciət et