Unibank bildirir ki, səhmlərin emissiyası müvafiq dövlət orqanlarında qeydə alınıb və bank, mövcud qanunvericiliyə uyğun olaraq, səhmlərin alınması üzrə müraciətlərin qəbuluna başlayıb.
Unibankın səhmdarları bankın kapitallaşmasının əsas parametrləri üzrə prinsipial razılaşma əldə ediblər və bu qərarın daxili təsdiqlənməsi proseduru başlayıb.
Bu razılaşmaya görə bankın kapitalında beynəlxalq maliyyə institutlarının iştirak payının əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Lakin, nəzarət payı yerli səhmdarlarda qalacaq.
Emissiyanın şərtlərinə əsasən, bankın səhmdarları səhmləri əldə etməkdə üstünlük hüququna malikdirlər və bütün səhmlər bankın mövcud səhmdarları tərəfindən alınacaq. Banka yeni səhmdarların cəlbi nəzərdə tutulmur.
Unibank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, bank ölkə bank sektorunun liderləri siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 800 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15% pay) və “DEG” Almaniya İnvestisiya Şirkəti (8,33% pay) Unibank-ın səhmdarları sırasındadır.