Müraciət etdiyiniz iş elanından cavab gəlməyib? Bu işə uyğun olduğunuzu zənn edirsiniz, CV göndərmisiniz amma sizə nə yazıb, nə də zəng ediblər. Bunun səbəbi nə ola bilər?
Bunları sizin üçün araşdırdıq. Bir sıra səbəblər var ki, bunlar sizin müraciətinizin cavabsız qalmasına səbəb olur:
1-Elandakı bir və ya bir neçə olmazsa olmaz şərtini ödəmirsiniz.
Məsələn, bu sahədə “ən azı 3 il iş təcrübəsi” tələb olunur və siz bu tələbi qarşılamırsınızsa bu, müraciətinizin cavabsız qalması üçün vacib səbəblərdəndir.
2-Təməl şərtləri ödəmənizə baxmayaraq CV-niz, həqiqətən, boşdursa.
CV-niz sizin ilkin ifadənizdir. “CV-ini diqqətli hazırlamayan biri işində necə diqqətli ola bilər?” deyə fikirləşə bilərlər. Buna görə CV hazırlayarkən hər bir incəliyə fikir verin və mükəmməl olmasına çalışın.
3-Namizədin bu iş və ya şirkət baxımından ciddi bir uyğunsuzluğu varsa.
Bu, nisbi anlayışdır və hər bir şirkət üçün dəyişkəndir. Məsələn, iş yeri Bakıdadır amma siz Sumqayıtda yaşayırsınız. Əgər CV-nizdə lazım gəlsə Bakıya köçə biləcəyinizi qeyd etməmisinizsə, bu hal sizin üçün mənfi ola bilər. Bu kimi detallara laqeyd olmayın.
4-Həmin şirkətin birdən çox, qismən əlaqəsiz vakansiyalarına da müraciət etmisinizsə.
Bu, insanlara sizin “nə iş olur olsun, edərəm” fikrində olduğunuzu göstərəcəkdir. Həqiqətən elə olsa belə, təhsiliniz və təcrübəniz ilə uyğunlaşan iş elanlarına müraciət edin. Özünüzü həmin şirkətin İnsan Resursları şöbəsinin işçisi kimi təsəvvür edin. Siz olsanız bu müraciəti dəyərləndirərdiz?
5-Elə bir iş elanı yoxdur. Yəni, elan saxtadır.
Təəccüblənməyin. Yayımlanan vakansiyaların bir qismi saxta ola bilər. Bəs axı niyə? Bunun bir sıra səbəbləri vardır. Məqsəd firmanın marka adının tanıdılmasıdır. Elan sahibi müştərilərinə və rəqiblərinə “Biz yüksək səviyyəli işçilərlə çalışırıq” demək istəyir. Beləliklə “superman” elanlarının səbəbi aydın olur.
6-CV-lərə baxan şəxsin kifayət qədər mövzuya hakim olmaması.
Təəssüf ki, bir sıra şirkətlərdə İnsan Resursları üzrə məsul şəxslər vakansiya ilə əlaqədar kifayət qədər biliyə malik deyillər. Onsuz da belə bir şirkətdə uzun müddət çalışmanız mümkün görünmür.
7-Başqa şəhərlərdən edilən müraciətlər.
Əgər başqa rayonda və şəhərdə yaşayırsınızsa vakansiyaya müraciət edə bilərsiniz. Lakin, işləyəcəyiniz şəhərdə qalacaq yerinizin olduğunu və müsahibəyə çağrılsanız gələ biləcəyinizi qeyd edin.
İş müraciətlərinizə niyə cavab gəlmədiyinin təməl səbəblərindən bəhs etməyə çalışdıq. İş axtarma müddətinin nə qədər çətin olduğunu başa düşürük. Ancaq, CV-nizi göndərmək xatirinə uyğunsuz vakansiyalara da göndərməyin. Doğru və sizə uyğun iş elanlarına müraciət edin.