Auditor kimdir? | Banco.az

Auditor kimdir?

"Auditor axtarılır" kimi elanlara az rast gəlmədiyinizə əminəm. Bəs auditor kimdir və auditor olmaq üçün nələr lazımdır deyə düşünmüsünüzmü?

Auditor peşəsi çox qədim dövrlərdə meydana gəlmişdir. Hələ b.e.ə 200-cü ildə Roma imperiyasında fəaliyyət göstərən xüsusi icazəli vəzifəli şəxslər olan, imperiyanın maliyyə və məhkəmə işlərini aparan kvestorlar yerlərdə mühasiblərin fəaliyyəti üzərində nəzarəti həyata keçirirdilər. Yerlərdə aparılan kvestor yoxlamalarının yekunu hesabat şəklində imperiyanın paytaxtına göndərilirdi. Burada hesabatlar xüsusi mütəxəssis qrupları tərəfindən dinlənilirdi. Bu mexanizmin tətbiqi nəticəsində məhz auditor (latın sözündən olub, dinləmək mənasını bildirir) peşəsi meydana gəlmişdir.

Yüksək səviyyəli, peşəkar auditorlar mülkiyyətçilərin, təsərrüfat orqanlarını idarə edənlərin ən düzgün yol göstərənləridirlər.

Azərbaycan Respublikasında mövcud qanunvericiliyə görə auditor fəaliyyəti ilə həm hüquqi şəxslər, yəni auditor təşkilatları, həm də fiziki şəxslər, yəni sərbəst auditorlar məşğul ola bilərlər.

Sərbəst auditorların və auditor təşkilatlarının vəzifələri aşağıdakılardan ibarətdır:

  • auditin aparılmasında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə hökmən riayət etmək;
  • auditor yoxlamalarını və digər auditor xidmətlərini keyfiyyətli həyata keçirmək;
  • “Auditor xidməti haqqında” qanunun nəzərdə tutduğu qadağalara görə auditin aparılmasında iştirakının qeyri-mümkünlüyü barədə dərhal sifarişçiyə (səlahiyyətli dövlət orqanına) xəbər vermək;
  • sifarişçinin mühasibat uçotunun və hesabatının vəziyyətini, düzgünlüyünü, qüvvədə olan qanunlara və normativ aktlara uyğunluğunu yoxlamaq;
  • auditin aparılması zamanı aşkar edilmiş bütün pozuntular, mühasibat uçotunun aparılması və hesabatların tərtibi ilə bağlı nöqsanlar haqqında sifarişçinin rəhbərliyinə məlumat vermək;
  • sifarişçinin tələbi ilə aparılan audit zamanı əldə edilən məlumatı (məhkəmə orqanlarının tələb etdiyi hallar istisna olmaqla) məxfi saxlamaq;
  • yoxlama gedişində alınmış və ya tərtib edilmiş sənədlərin qorunub saxlanmasını təmin etmək;
  • təsərrüfat subyektinin tələbi ilə ona auditin aparılmasına dair qanunvericiliyin tələbləri, tərəflərin hüquq və vəzifələri, habelə auditorun rəyində olan irad və nəticələr üçün əsas olan normativ aktlar barəsində ətraflı məlumatlar vermək;
  • qanunvericilikdə nəzərdə tutulmuş hallarda vergi hesabatına dair auditor rəyi vermək.

Baş mühasibdən fərqli olaraq, auditor fəaliyyəti müəssisələrə ezamiyyətlə bağlıdır – bu zaman mühasibat və maliyyə hesabatları yerindəcə yoxlanılır.

Ən sərfəli kredit üçün müraciət et

Bir Auditor üçün ən əsas xüsusiyyət (standart) hadisələrə və əməliyyatlara şübhəçi bir dünyagörüşüylə yanaşa bilməsidir. O, nəticə barədə dəqiqləşdirməmiş qənaətinin yanıldıcı ola biləcəyi ehtimalını qətiliklə gözardı etməməlidir. Qarşısında olan hər səviyyədən insanla çox səviyyəli bir ünsiyyət qura bilməlidir. Auditor ünsiyyətdə məsafələri çox yaxşı təyin edə bilməlidir.

Auditor işləmək üçün şirkətlərin namizədlərə olan əsas tələbləri:

  • Ali təhsil (audit, maliyyə və hüquqşünas sahəsi üzrə)
  • İş təcrübəsi (ən azı 1 il)
  • MS Office proqramları üzrə mükəmməl bilik
  • Mühasibat Uçotunun Beynəlxalq Standartları (MUBS) və Azərbaycan standartları haqqında anlayış və onların tətbiqi təcrübəsi
  • Beynəlxalq audit standartları (BAS) üzrə üsullar və bank fəaliyyəti haqqında biliklər
  • Dil Bilikləri

Auditorlardan tələb edilən şəxsi keyfiyyətlər:

  • Özünütənqid və müstəqilliyini qorumaq qabiliyyəti
  • Məsuliyyətlilik
  • Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı
  • Şəxslər arasında geniş əlaqə yaratma və ünsiyyət vərdişləri ;
  • Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq ;

Ölkəmizdə auditora şirkətlər tərəfindən təklif edilən əmək haqqı 600-1500 AZN arasında dəyişir.

Auditor Köməkçilərinə isə təklif edilən əmək haqqı  400 AZN-dən başlayır.

Bu qiymətlər şirkətdən şirkətə və tələb edilən işin məsuliyyət yükünə görə dəyişir.