Bank auditinin mahiyyəti və zəruriliyi | Banco.az

Bank auditinin mahiyyəti və zəruriliyi

Bank bazarı infrastrukturunun ən vacib və zəruri element­lərindən biri də bank auditini həyata keçirən subyektlərdir. Digər nəzarət və yoxlama orqanları kimi, bu subyektlər, yəni auditor firmaları da ölkədə bank sisteminin normal fəaliyyət göstərməsi, bu sistemin maliyyə cəhətdən gücləndirilməsi, dayanıqlığının möhkəmləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi və dünya bank sisteminə inteqrasiya etməsini təmin edir.

Bank sistemi digər sistemlərdən özünəməxsus xüsusiyyətlərinə görə fərqləndiyi kimi, bank auditi də özünəməxsus xüsusiyyətlərə malikdir. O, aid olduğu sistemin, bütövlükdə onun strukturlarının xüsusiyyətlərini özündə əks etdirir.

Hər bir ölkədə bank auditinin özünəməxsus xüsusiyyətləri vardır. Bu hər şeydən əvvəl onun yaranma tarixi, kökləri, şəraiti, qanunvericilik bazası, tətbiq mexanizmi, fəaliyyət qaydaları və başqa amillərdən asılıdır.

Məlum olduğu kimi, auditor peşəsi çox qədim dövrlərdə meydana gəlmişdir. 

Azərbaycan Respublikasında auditor xidməti 1990-cı illərin əvvəllərində meydana gəlmişdir. 

Auditin əsas məqsədi iqtisadi subyektlərin mühasibat hesablarının dürüstlüyünün, doğruluğunun müəyyən edilməsi və bu iqtisadi subyektlərin apardığı maliyyə və təsərrüfat əməliyyatlarının ölkənin normativ aktlarına uyğunlaşdırılmasıdır.

Yoxlanılan iqtisadi subyektin xarakterindən asılı olaraq auditin aşağıdakı növləri mövcuddur.

  • bank   auditi – bu,   ölkədə   mövcud   olan kredit təşkilatlarının auditidir;
  • sığorta   auditi, yəni ölkədə mövcud olan sığorta təşkilatlarının auditi;
  • xüsusi institutların auditi, yəni birjaların, büdcədənkənar fondların və investisiya təsisatlarının auditi;
  • ekoloji audit – Bu təbii resursların istifadəsi və bərpası üzrə hesabatların düzgün tərtib edilməsi də daxil olmaqla, təbiətdən istifadəçi tərəfindən ekoloji tələblərin, ətraf mühitin mühafizəsi normalarının və qaydalarının gözlənilməsi məqsədi ilə onların təsərrüfat və digər fəaliyyətinin yoxlanılmasıdır;
  • ümumi audit, yəni digər iqtisadi subyektlərin auditi.

Ən sərfəli kredit üçün müraciət et

Kommersiya banklarının fəaliyyətinə nəzarət zərurəti bank sisteminin bazar iqtisadiyyatı şəraitindəki fəaliyyət xüsusiyyətlərindən yaranır. Bank sistemi ölkənin iqtisadi həyatında vasitəçi rolunu oynayır. Banklar hüquqi və fiziki şəxslərin sərbəst pul vəsaitlərini cəlb edərək, onları daha səmərəli və məhsuldar istifadə üçün digər fiziki və hüquqi şəxslərə verir. Banklar müasir ictimai həyatın infrastrukturunun mühüm elementlərindən biri olduğuna və iqtisadiyyatda çox mühüm funksiyaları yerinə yetirdiyinə, həmçinin iqtisadiyyatın sabit inkişafının daha çox bu sistemdən asılı olduğuna görə onun fəaliyyəti üzərində daimi nəzarət olmalıdır.

Hal – hazırda kommersiya banklarının fəaliyyətinə nəzarətin aşağıdakı formaları mövcuddur: dövlət nəzarəti; daxili nəzarət; müstəqil nəzarət.

Dövlət  nəzarəti. Kommersiya banklarının fəaliyyətinə nəzarət mövcud bank qanunvericiliyində ifade olunmuşdur. Ölkə   ərazisində   bütün   banklar   qanunvericilik orqanları tərəfindən qəbul olunmuş, Mərkəzi Bankın, bütün kommersiya banklarının və digər kredit təşkilatlarının fəaliyyətini tənzimləyən qanunlar əsasında fəaliyyət göstərir.

Daxili nəzarət. Nəzarətin bu formasına kommersiya banklarının və digər kredit təşkilatlarının fəaliyyətinə Mərkəzi Bank tərəfindən həyata keçirilən nəzarət aid edilir. Daxili nəzarətin vəzifə, məqsəd və hədləri müvafiq qanunvericilik və normativ aktları ilə müəyyən edilir.

Müstəqil nəzarət. Nəzarətin bu forması kənar, müstəqil təşkilatlar, daha doğrusu, auditor firmaları tərəfindən həyata keçirilir.

Yuxarıda qeyd edilən həm audit formaları, həm də nəzarət formaları Azərbaycan Respublikasının qanunvericiliyinə və normativ aktlarına uyğun olaraq həyata keçirilir.