Müəllif: Nüsrət Xəlilov
Ailə kiçik bir dövlətdir. Hər bir dövlətin büdcəsi, gəlir və xərcləri, iqtisadiyyatı və siyasəti olduğu kimi, hər bir ailənin və hətta hər bir insanın da bu göstəriciləri olur. Əsas məsələsə bu büdcənin necə planlaşdırılması, idarə etdiyin büdcənin gəlir və xərclərinin hansı istiqamətə yönəldilməsi, daxili və xarici borclanmalara diqqət olunması və hər zaman qənaət ertməklə qazanclı bir iqtisadi planlamanın aparılmasıdır.
Aşağıda sizlərə böhran dövründə xərclərimizi hansı şəkildə idarə etməli olduğumuz haqqında bəzi şəxsi fikir və təcrübələrimi bölüşəcəm.
Birinci növbədə qeyd etmək istəyirəm ki, xərcləyəcəyimiz məbləğ istisna hallar xaricində heç vaxt gəlirlərimizi keçməməlidir. Normal iqtisadi vaxtlarda xərclərimizi gəlirlərimizə görə deyil də, gəlirlərimizi xərclərimizə görə planlaşdırmanın tərəfdarı olsam da, böhran vaxtlarında ilk öncə xərclərimizi gəlirlərimizə görə planlaşdırmağımız lazımdır.
Təklif edirəm ki, aylıq bütün maliyyə məsələlərinizi qeyd edin. Bu, yazılı formada hər hansı bir notebook və ya dəftərdə ola biləcəyi kimi, eyni zamanda android telfonlarda play store-dən ailə büdcəsinə aid müxtəlif app-lər vasitəsilə də ola bilər. Bu, sizə aylıq gəlir və xərclərinizə nəzarət etməklə, xərclərinizi analiz etmək imkanı yaradacaq ki, bununla da siz pulunuzu daha çox hara xərclədiyinizi görə və artıq məsrəflərdən çəkinə bilərsiniz.
Əmək haqqı aldığınız zaman aylıq gəlirlərinizi qeyd edərək təsnifləşdirin. Bura ilk öncə ən zəruri xərclərinizi qeyd edin. Bu, kommunal xərclər, qida xərcləri, uşağa aid xərclər, səhiyyə xərcləri, transport xərcləri, kredit ödənişləri v.s ola bilər. Qruplaşdırdığınız xərc kateqoriyalarına uyğun məbləğlər ayırın və aylıq xərcləmələrinizi bu prinsipə uyğun olaraq edin. Əminəm ki, planlaşdırmanı düzgün şəkildə aparsanız, ayın sonunda əlinizdə kifayət qədər artıq məbləğ qalacaqdır ki, bu da qənaət kateqoriyasına əlavə edilməlidir.
Hər hansı böyük xərc etmək istədiyiniz zaman daha çox düşünün. Çalışın hər hansı büdcədə planlaşdırmadığınız xərc etməli olduğunuz halda bunu imkan daxilində kredit vasitəsilə etməkdənsə xərc kateqoriyanızın qənaət qismindəki məbləğ vasitəsilə etməyə çalışın.
Heç kimsənin büdcə planlamasında `zərərli vərdişlər` kateqoriyasının olmasını arzu etməzdim. Bu, sizin cari xərclərinizi azalmaqla yanaşı, həm də gələcəkdə potensial səhiyyə xərclərinizin azalmasına səbəb olacaqdır ki, bununla da siz burdan qənaət etdiyiniz vəsaitləri digər sahələrə yönləndirə bilərsiniz.
Mövzudan uzaqlaşmamışkən onu da qeyd edim ki, zəruri xərclər sırasına təhsil və istirahət xərclərini də əlavə etsək doğru olardı. Çünki təhsil gələcəyə yönəlik və hər yaşınızda əlinizdən tuta biləcək qazanclı investisiyadır. Təbii ki, hər bir insanın işləmək arzusunun başında karyera qurmaq istəyi ilə yanaşı, eyni zamanda pul qazanmaq istəyi də durur, ama bugün istirahət xərcindən çəkinməyimiz gələcəkdə istəməsək də səhiyyə xərclərimizin artımına səbəb olacaq. Ona görə də bugündən istəmədiyimiz xərcin potensialını artıqmaqdansa, vaxtında və zamanında istirahətinizə zaman ayırmağımız daha məqsədə uyğun olar.
Qeyd edim ki, xərclərinizi düzgün planlaşdırmadığınız halda daxili və xarici borclanmalara üz tutmaq məcbiriyyətində qalacaqsınız ki, bu da bir müddət sonra sizin kiçik dövlətinizin ``defolt`` olması halını gündəmə gətirəcəkdir.
Sonda onu da qeyd etmək istəyirəm ki, vəziyyətdən asılı olmayaraq pozitiv olmağa çalışın. Bunun sizdə bir vərdişə çevriləcəyindən qorxmayın, əksinə bu sizin bir uğurunuzdur :) .