Azərbaycan Mərkəzi Bankı (AMB) birbaşa olaraq bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyə resursları ayıra və maliyyələşdirməyə dəstək ola bilər.
Banco.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) İdarə Heyətinin sədri Süleyman Kələşov bildirib: "Bu mövzu Mərkəzi Bankda müzakirə olunur. Yəqin ki, bu məsələ müsbət həllini tapacaq".
"BOKT-ların depozit cəlb etmək hüququ yoxdur. Yaxşı olar ki, Mərkəzi Bank bunlara da resurs ayırsın və belə olan halda kreditin faizi aşağı düşə bilər. Hazırda uçot dərəcəsi aşağıdır və buna kömək göstərilərsə, bu, bazarda müəyyən dərəcədə faizin aşağı düşməsinə səbəb olar. Əslində, səbəb təkcə faizlərin yüksək olması ilə bağlı deyil, risklərlə bağlıdır. Vəsaitlərin maya dəyəri baha başa gəlir. Mikrokreditlərdə faizin aşağı salınması çətin məsələdir. Eyni zamanda, BOKT-lar banklardan vəsait cəlb edir və əgər əmanətlər 12-13%-lə cəlb olunursa, deməli, bir qədər çətindir", - deyə AMFA rəhbəri qeyd edib.
O, həmçinin, devalvasiyadan sonra xarici investorlarda narahatlıq yarandığını qeyd edib: "BOKT-ların xarici investorlar qarşısında öhdəkikləri var, onlar da narahatlıq keçirirlər. Təşkilatlar investorlara müraciət edir və bəzi öhdəliklərin müddəti artırılır. Devalvasiya ilə bağı isə hesab edirəm ki, heç bir narahatlığa əsas yoxdur. Stabil iqtisadiyyatımız var, bütün sahələrdə inkişaf, eyni zamanda bəzi çətinliklər də var".
Qeyd edək ki, hazırda Azərbaycanda ümumi mikromaliyyə portfeli 620 mln. manat təşkil edir.