Fikrət Yusifov
“Ekonomiks” BİAB-ın sədri, iqtisad elmləri doktoru, professor
Sosial təyinatlı xərclərin artımı ölkə rəhbərliyinin bu məsələlərə ciddi diqqət ayırmasının göstəricisidir.
Neftin qiymətlərinin kəskin aşağı düşməsi səbəbindən bütün hasilat ölkələri kimi, Azərbaycanın da gəlirləri azalacaq. Yaranmış vəziyyətdə Azərbaycan hökumətinin başlıca vəzifəsi növbəti ilə real iqtisadi göstəriciləri və buna uyğun olan büdcə proqnozlarını ortaya qoymaqdır. O da aydındır ki, hər bir ölkənin büdcəsinin parametrləri ilk növbədə onun iqtisadi durumunu əks etdirən göstəricilərlə uyğunluq təşkil etməlidir. Odur ki, 2016-cı il üçün büdcə layihəsində əks olunmuş göstəricilərə münasibət bildirməzdən öncə gəlin növbəti ilin makroiqtisadi göstəricilərinə qısa nəzər salaq.
Dünyada baş verən iqtisadi təlatümlər fonunda Azərbaycan hökuməti növbəti il üçün Ümumi Daxili Məhsulun həcmini 57,7 milyard manat proqnozlaşdırır ki, bu da 1,8% real iqtisadi artım deməkdir. Növbəti ildə qeyri-neft sektorunda ÜDM həcmi 41,5 milyard manat təşkil edəcək. Bu, bütövlükdə ÜDM-un 72%-nə bərabər olmaqla 3,4% real artımdır. Növbəti ildə neft sektorunda ÜDM-un həcmi 1,7% azalsa da, 2014-cü ilin faktiki göstəricilərinə görə bu, 10,8%, 2015-ci ilin gözlənilən nəticələrinə görə isə 3,0% artım demək olacaq. 2016-cı ildə əsas kapitala investitsiyaların həcmi 18,8 milyard manat təşkil edəcək ki, bunun da 57,8%-i və ya 10,9 milyard manatı daxili, 42,2%-i və ya 7,9 milyard manatı xarici investitsiyaların payına düşəcək.
2016-cı ildə iqtisadiyyatın ümumi vəziyyətini xarakterizə edən bu göstəricilər dünya iqtisadi müstəvisində baş verən proseslər kontekstində kifayət qədər pozitiv göstəricilərdir və onlar neftin qiymətlərinin beynəlxalq maliyyə institutlarının növbəti il üçün tövsiyə etdikləri qiymətlərdən bir qədər də aşağı – yəni 1 barel üçün 50 ABŞ dolları həcmində və manatın növbəti ilə məzənnəsinin 1 dollar üçün 1,05 manat nisbətində götürülməsi şərti ilə müəyyənləşdirilmişdi.
2016-cı ilə dövlət büdcəsinin gəlirləri cari ilin proqnoz göstəricilərinə nisbətən 25,1% və ya 4,9 milyard manat az nəzərdə tutulub. Bu, hər kəsə bəlli olan neft hasilatının azalması və onun dünya bazarlarındakı qiymətlərinin kəskin şəkildə aşağı düşməsi ilə bağlıdır. Bu səbəbdən biz bütün təhlillərimizdə büdcənin neftsiz vəzyyətini təxmin etməyə çalışırıq. Bu dəfə də məsələyə eyni prinsiplə yanaşaraq büdcəyə Neft Fondundan nəzərdə tutulan 6,0 milyard manatlıq transferi nəzərə almamağa və bununla neftsiz büdcəmizin imkanlarını real olaraq hər kəsə göstərməyə çalışacağıq.
Növbəti ilin büdcəsində qeyri-neft sektorundan büdcəyə daxilolmaların xüsusi çəkisi 2015-ci ilin proqnoz göstəricilərinə görə 11,8%, 2014-cü ilin faktiki göstəricilərinə görə isə 12,5% çoxdur. Gəlin dediklərimizi konkretləşdirək:
2016-cı ilin büdcəsi gəlirlər üzrə aşağıdakı kimi formalaşacaq:
Vergilər Nazirliyinin xətti ilə daxilolmalar - 6602,0 milyon manat;
ondan 4812,0 milyon manat qeyri-neft sektorundan daxilolmalar;
1790,0 milyon manat neft sektorundan daxil olan vergilər;
Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar – 1590,0 milyon manat;
Sair daxilolmalar – 312,0 milyon manat
Cəmi gəlirlər: - 8504,0 milyon manat
Neft Fondundan transfer – 6000,0 milyon manat
Dövlət büdcəsinin ümumi gəlirləri: - 14504,0 milyon manat.
mənbə: trend.az