Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərində özəl sektorda fəaliyyət göstərən işəgötürənlərə və bankların rəhbərlərinə müraciət ünvanlanıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, müraciətdə deyilir:
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” 30 iyun 2015-ci il tarixli 1 nömrəli protokolunun 24-cü bəndi ilə Bakıda ictimai şəhər nəqliyyatının iş rejimini normallaşdırmaq, avtomobil yollarında tıxacların yaranmasına şərait yaratmamaq və sərnişin daşımalarında yol hərəkətinin təhlükəsizliyini yüksəltmək məqsədilə 2015-ci ilin avqust ayından başlayaraq Bakıda iş vaxtının özəl sektorda saat 07:30 – 08:00 radələrində, bank sektorunda isə saat 10:00-dan başlanması tövsiyə olunur. Tövsiyənin icrasını təmin etmək üçün Bakı şəhərində özəl sektorda və bank sektorunda fəaliyyət göstərən işəgötürənlər tərəfindən aşağıda qeyd edilən əmək qanunvericiliyinin tələblərinə riayət edilməsi zəruridir.