Gürcüstandan Azərbaycana mal ixracı kəskin azalıb | Banco.az

Gürcüstandan Azərbaycana mal ixracı kəskin azalıb

Cari ilin yanvar-iyun aylarında Gürcüstandan Azərbaycana 131 milyon dollar həcmində mal ixrac olunub. Bu, Gürcüstanın ümumi ixracatının 12,1 faizini təşkil edib.

Banco.az "AZƏRTAC"a istinadən xəbər verir ki, bu ölkədən Azərbaycana ixracat ötən ilin eyni dövrü ilə müqayisədə 55 faiz və ya 159,6 milyon dollar azalıb.

Hesabat dövründə Azərbaycana bu ölkədən 414,4 milyon dollar məbləğində minik avtomobili satılıb. Bu da 2014-cü ilin birinci yarısı ilə müqayisədə 106,1 milyon dollar azdır.

Gürcüstandan ölkəmizə satılan armaturun həcmində də azalma qeydə alınıb. Cari ilin birinci yarısında Gürcüstandan Azərbaycana 2014-cü ilin eyni dövrü ilə müqayisədə 30,5 milyon dollar az - 5 milyon dollar məbləğində armatur satılıb.

Hesabat dövründə Azərbaycanda bu ölkəyə ixrac olunan malların həcmində də azalma qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Cari ilin 6 ayında Gürcüstan Azərbaycandan 278 milyon dollar həcmində mal idxal edib. Bu, Gürcüstanın ümumi idxalatının 7,6 faizini təşkil edib.

Azalma 2014-cü ilin eyni dövrü ilə müqayisədə 6 faiz olub.

Cari ilin yanvar-iyun aylarında Gürcüstan ölkəmizdən 817 min tona yaxın – 168,7 milyon dollar həcmində neft və qaz məhsulları idxal edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,4 milyon dollar çoxdur.

Hesabat dövründə Gürcüstan Azərbaycandan 7,1 milyon dollar həcmində elektrik enerjisi alıb, bu da 2014-cü ilin birinci yarısı ilə müqayisədə 5,1 milyon dollar çoxdur.

Bu göstəricilərlə Azərbaycan Gürcüstanın əsas xarici ticarət tərəfdaşları sırasında ikinci yerdədir.

Hazırda iki ölkə arasında xarici ticarət dövriyyəsi 409 milyon dollar təşkil edir. Bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 30 faiz azdır.