22 iyul 2015-ci il tarixdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçirilib. Yığıncaqda Müşahidə Şurasının və İdarə Heyətinin tərkibi məsələlərinə baxılıb.
Bankın Müşahidə Şurasının mövcud say tərkibi 7 nəfərdən 5 nəfərədək endirilib.
Bankın İdarə Heyətinin üzvləri Emil Mustafayev, Vaqif Əkbərov, Qubad Hüseynov və Rəşad Hacıyevin səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar onlar İdarə Heyətinin üzvlüyündən və tutduqları vəzifələrdən azad ediliblər. İdarə Heyətinin yeni tərkibi seçilib, Elmar Məmməd oğlu Məmmədov 4 il müddətinə İdarə Heyətinin sədri vəzifəsinə, Murad Oqtay oğlu Şirəliyev və Ülvi Eldar oğlu Mansurov isə həmin müddətə İdarə Heyəti sədrinin müavinləri vəzifələrinə təyin ediliblər.
Murad Şirəliyev səhiyyə naziri-Oqtay Şirəliyevin böyük oğludur. O, uzun müddətdir bank sektorunda çalışır.
Murad Oqtay oğlu Şirəliyev 2 mart 1978-ci il tarixində Bakı şəhərində anadan olub.
1994-1998-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetində təhsil alıb.
2000-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində "İqtisadiyyat və idarəetmə" ixtisası üzrə magistr təhsili alıb, həm də fərqlənmə diplomu ilə.
Murad Şirəliyev 2005-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, iqtisad elmləri namizədi elmi dərəcəsi alıb.
Bir sıra elmi məqələlərin müəllifi olan nazir oğlu əmək fəaliyyətinə 1993-cü ildən başlayıb. 2001-2004-cü illərdə o, Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. 2000-ci ildən isə bank sektoruna işə düzələn M.Şirəliyev "Kapital Bank" ASC-nin İdarə Heyətinin üzvü olub.
2005-ci ildə o, "Kapital Bank" ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə seçilib.
Rus, ingilis, fransız və alman dillərini bilir.
Ailəlidir, 1 övladı var.
Ülvi Mansurovun bank sektorunda ilk işə 2001-ci ildə Beynəlxalq Bankın “Sahil” filialında başlayıb.
2003-cü ildə o, Baş idarəyə Maliyyə depatamentinə baş mütəxəssis kimi dəvət edilib. 3 il bu vəzifədə işlədikdən sonra Mansurov Maliyyə auditi və monitorinq departamentinə rəhbər təyin edilib.
2009-cu ildə Ülvi Mansurov Mühasibatlıq üzrə müavin vəzifəsində 2 il çalışdıqdan sonra, digər bankda işləmək üçün dəvət alıb. Mansurovun növbəti iş yeri 2012-ci ildə Bank Technique (köhnə adı Texnika Bank) idarə heyətinin sədri vəzifəsində olub. Mansurov 2015-ci ilin əvvəlində bu vəzifədən istefa verib.
Qeyd edək ki, Cahangir Hacıyev bu il martın 18-də səhhəti ilə əlaqədar işdən uzaqlaşması barədə ərizə vermiş və bankın Müşahidə Şurası istəyi təmin etmişdi. Sədr müavini Emil Mustafayev indiyə qədər sədri əvəz edirdi.