Banco.az iqtisadçı ekspert Samir Əliyevin, əmanətlərə tətbiq ediləcək vergilər ilə bağlı mövqeyini təqdim edir.
Bir qədər əvvəl əmanət faizlərinə tətbiq edilən güzəştin müddətinin ən azı 1 il uzadılmasının vacibliyini qeyd etmişdik. Ancaq görünür hökumət fikrində qətidir. Hətta bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi hazırlanaraq parlamentə təqdim edilib.
Məcəlləyə təklif edilmiş dəyişikliyə əsasən, bundan sonra yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin ancaq 500 manatadək olan hissəsi vergidən azad olunacaq. Layihə olduğu kimi qəbul olunsa, bu halda orta hesabla 5000 manatdan yuxarı olan (illik 10%-lə cəlb edilmiş) bütün əman ətlər vergiyə cəlb ediləcək. Əmanətin illik faizi azaldıqca vergiyə cəlb edilməyən əmanətin həcmi də artacaq və ya əksinə.
Hazırda ölkə üzrə əmanət qoyuluşunun həcmi 7 milyard manatdan çoxdur. Orta illik faiz dərəcəsi isə 10%-ə yaxındır. Deməli, söhbət 70 milyon manat vəsaitdən gedir. Güzəşt davam etsəydi hökumət bu qədər vəsaiti əmanətçilərə hədiyyə etməli idi. Ancaq neftin ucuzlaşması fonunda neft gəlirlərinin azalması büdcənin icrasında problemlər yarada bilər. Bunları önləmək üçün hökumət vergi mənbələrini artırmağa başlayıb ki, onlardan biri də əmanətlərə vergi tətbiqinin bərpasıdır.
Əmanətlərin həcminə görə strukturu açıqlanmadığından yeni güzəşt sisteminin tətbiqindən büdcənin nə qədər qazanacağını söyləmək çətindir. Hər bir halda bu, 70 milyon manatdan az olacaq və xeyli əmanətçinin gəlirlərinə toxunacaq. 2015-ci ilin dövlət büdcəsində dividendlərdən, faizlərdən və icarədən gəlir vergisi 81 milyon manat artımla proqnozlaşdırılıb. Böyük ehtimalla bu artımın təxminən yarısı əmanətçilərin hesabına örtüləcək.
Yeni güzəşt mexanizminin bank sistemi üçün yeganə üstünlüyü əmanət bazarında təmərküzləşmənin azaldılması olacaq. Hazırda əmanət bazarının təxminən yarısı ölkənin 5 iri bankının payına düşür. Yerdə qalan yarısına isə 39 bank nəzarət edir. Vergi güzəştinə düşmək üçün əmanətçilər vəsaitlərini banklar arasında bölməli olacaqlar ki, bu da vəsaitlərin bərabər paylanmasını stimullaşdıracaq.
Ancaq bu addım Mərkəzi Bankın 2015-ci ildə kredit faizlərinin aşağı salınması ilə bağlı qarşısına qoyduğu məqsədə çatması təşəbbüsünə ziddir. Çünki yeni sistem bazarda əmanət faizlərinin artımına gətirib çıxaracaq. Əmanətçini itirməmək və ödənilməli olan vergi məbləğini kompensasiya etmək üçün bank faiz dərəcəsini qaldırmalı olacaq. Bu isə əmanətlərin bahalaşmasını şərtləndirəcək. Deməli, bu il kreditlərin ucuzlaşmasını gözləmək tezdir.