AİB Azərbaycanda ilk krediti ölkənin KOB sektorunun dəstəklənməsinə verdi
Avropa İnvestisiya Bankı (AİB) AccessBank-a 25 milyon Avro məbləğində aralıq krediti ayıraraq Azərbaycanda kredit əməliyyatlarına başlayıb. Təqdim olunan vəsaitlər Azərbaycanda fəaliyyət göstərən kiçik və orta müəssisələrin maliyyələşdirilməsinə yönəldiləcək.
Kiçik və orta müəssisələrin uzunmüddətli maliyyələşdirmə imkanlarını genişləndirmək üçün AİB AccessBank-la saziş bağladı. AccessBank ölkədə mikro və KOB müəssisələrini maliyyələşdirən aparıcı maliyyə təşkilatı olduğundan, bu tranzaksiya özəl sektorun inkişafını dəstəkləyəcək və bununla iş yerlərinin yaradılmasına və həyat səviyyəsinin yüksəldilməsinə kömək edəcək.
«Bu, AccessBank üçün çox vacib layihədir. Bizə iri həcmli kredit verən tərəfdaşımızın dəstəyini yüksək qiymətləndiririk və fəxr edirik ki, AİB kimi nüfuzlu maliyyə institutu Azərbaycanda ilk krediti məhz AccessBank-a ayırdı. AİB tərəfindən təqdim olunan vəsaitlər ölkənin dinamik surətdə inkişaf edən KOB sektorunun kreditləşməsinə yönələn Bank fəaliyyətinin inkişafına böyük töhfə verəcək», - AccessBank-ın Baş Meneceri Michael Hoffmann sövdələşməni şərh edərək qeyd etdi.
AİB-nın Vitse-Prezidenti Vilhelm Molterer müqavilənin imzalanması mərasimində dedi: «AİB-nın Azərbaycanda verdiyi ilk kredit KOB müəssisələrinin uzunmüddətli maliyyələşmə imkanlarından istifadə etməsinə və bu yolla özəl sektorun inkişaf etməsinə imkan yaradacaq. Öz növbəsində, bu, KOB sektorunun gücləndirilməsinə və ölkə iqtisadiyyatının gələcək diversifikasiyası və müasirləşməsi üçün Azərbaycan Hökumətinin planlarının həyata keçirilməsinə kömək edəcək».
Bu kredit AİB-nin Xarici Kreditləşmə Mandatının vəzifələrinə müvafiqdir. Bu Mandat yerli özəl sektorun inkişafına, xüsusilə KOB müəssisələrinin, sosial və iqtisadi infrastrukturun dəstəklənməsinə, eləcə də iqlim dəyişikliklərinin yumşaldılmasına və uyğunlaşmasına yönəldilib. Azərbaycan Respublikası ilə AİB arasında 15 yanvar 2014-cü il tarixdə bağlanan Çərçivə Müqaviləsi Azərbaycanda kredit əməliyyatlarının həyata keçirilməsi üçün AİB-na imkan yaradıb.
Avropa İnvestisiya Bankı Avropa İttifaqının uzunmüddətli kreditləşmə təşkilatıdır və Avropa İttifaqının üzv ölkələrinə məxsusdur. Bank Avropa İttifaqı siyasətinin məqsədlərinin icrası üçün əsaslandırılmış investisiyaların uzunmüddətli maliyyələşdirilməsini həyata keçirir.