Bankın məcmu kapitalı nədir və nə üçün istifadə olunur? | Banco.az

Bankın məcmu kapitalı nədir və nə üçün istifadə olunur?

Müəllif: Rəşad Camalov, PWC

Son zamanlar bank sektorunun ən aktual mövzularından biri, məcmu kapitalın 10 mln manatdan  50 mln manata qalxmasıdır. Ara sıra internet saytlarında bankların məcmu kapitalının həcminə görə ardıcıllığı ilə bağlı xəbərlər çıxır, lakin məcmu kapitalın konkret olaraq nə olması haqqında bir çox insanın məlumatı yoxdur. Məcmu kapitalın izahından qabaq bu kapitala ehtiyacın haradan yaranması haqqında danışmaq lazımdır.

Banklar çox vaxt gəlir əldə etmək üçün riskli investisiyalar edərək, kredit (borcalanın borcu qaytarmaması), bazar (daxili və xarici mühitdə baş verən əlverişsiz dəyişikliklər), əməliyyat (uğursuz əməliyyatlar) və digər risklərə məruz qalır. Bunun nəticəsi kimi, bankların müflisləşmə riski yaranır.

Belə risklər əmanətçilərin və investorların banklara olan etimadını sarsıdır, çünki bankın müflisləşəcəyi təqdirdə, investisiya olunmuş vəsaitlər itirilə bilər.

Bankın məcmu kapitalının əsas məqsədi, daxili və xarici mühitdə baş verən əlverişsiz dəyişikliklər zamanı bankın maliyyə dayanıqlığını təmin etmək, bankı ödəmə qabiliyyətinin itirilməsinə gətirib çıxara bilən mümkün zərərlərdən qorumaq, və əmanətçilərin və investorların bank sisteminə etimadını artırmaqdır. 

Başqa sözlə desək, məcmu kapitalın məqsədi gözlənilməz itkilərin qarşısını almaqdır. Əgər gözlənilməz itki baş verərsə, bu zaman bank bu itkini əmanətçilərin yox, öz vəsaiti hesabına qarşılaya bilər. Bu səbəbdən, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti, 25 iyul 2012-ci il tarixli qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalını 50 mln. manatadək artırılması ilə bağlı tələb irəli sürmüşdür. Bunun digər bir məqsədi, bankların konsolidasiyasına (birləşməsinə) səbəb olmaq idi, lakin gündəmdən göründüyü kimi, buna nail olmaq mümkün olmayıb.

Məcmu Kapitala bankın öz vəsaitləri aid edilir və tərkibi iki hissədən ibarətdir.

  • Birinci dərəcəli kapital - əsas kapital hesab olunur və komponentləri aşağıdakılardan ibarətdir:
    • Adi və qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər
    • Keçmiş illərin bölüşdürülməmiş xalis mənfəəti (carı ilin zərərlərini çıxmaqla)
    • Kapital artıqlığı (səhmlərin nominal dəyərindən artıq dəyəri) və s..
  • İkinci dərəcəli kapital - əlavə kapital hesab olunur. Əlavə kapital, 1-ci dərəcəli kapitaldan daha az etibarlı sayılır. Əlavə kapitala aşağıdakılar daxildir:
    • Carı ilin mənfəəti
    • Ümumi ehtiyatlar
    • Kumulyativ müddətsiz imtiyazlı səhmlər və s..

Məcmu kapital nağd pul şəklində heç bir yerdə saxlanılmır.  Bunu başa düşmək üçün, fərz edin ki, siz ipotekaya ev alırsınız. Bu zaman 20% ilkin ödəniş, 80% isə ipotekadan istifadə edirsiniz. Bank sistemində, bu 20% məcmu kapital, 80% isə əmanətlərdir. 20% borc (əmanət) deyil və bu məbləğ heç bir yerdə saxlanılmır, əksinə, gəlir əldə etmək üçün istifadə olunur.  10 il ödəmələr nəticəsində, evin sizə aid olan dəyərinin artdığı kimi, bank da gəlir əldə etdiyindən, məcmu kapitalının həcmi artır.

Ən sərfəli kredit üçün müraciət et

Bəzi hallarda, məcmu kapital ilə nizamnamə kapitalı səhv salına bilər. Nizamnamə kapitalı və məcmu kapital fərqli anlayışlardır. Məcmu kapital bankın öz vasaiti sayılır və bu səbəbdən dolayı yollarla (səhmlər) nizamnamə kapitalı da məcmu kapitalın bir hissəsi olur. Azərbaycan Respublikasında hər hansı bir bankın fəaliyyət göstərməsi üçün, ən azı 50 mln vəsaiti olmalıdır. Yeni açılan banklarda, nizamnamə kapitalından başqa heç bir vəsait olmadığından, minimal tələb 50 mln-dur. Yəni bu halda məcmu kapital, nizamnamə kapitalına bərabər olur. Lakın bank fəaliyyət göstərdiyi müddətdə, əlavə kapitallar (reservlər, mənfəət və s.) yaranır ki, bunlar da məcmu kapitala aid edilir. Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, Mərkəzi Bankın icazəsi olmadan, heç bir bank məcmu kapitalını azalda və ya nizamnamə kapitalını geri götürə bilməz.

Kapitalın adekvatlıq əmsalı

Bu başqa bir məqalənin mövzusu olsa da, məcmu kapitalı tam başa düşmək üçün movzuya toxunmaq lazımdır. Məcmu kapital, kapitalın adekvatlıq əmsalını hesablamaq üçün istifadə olunur. Adekvatlıq əmsalı bankın öz kapitalının (məcmu kapitalın) risk dərəcəsi üzrə ölçülmüş aktivlərə nisbətidir. Başqa sözlə desək, adekvatlıq əmsalı, bankın hər 1 manat aktivinın necə faizinin bankın öz vəsaiti olmasının göstəricisidir. Mərkəzi Bankın tələbinə görə, məcmu kapitalın adekvatlıq əmsalı 12 faizdən az olmayan səviyyədə saxlanılmalıdır ki, bunun məqsədi, banklar tərəfindən lazımsız və riskli investisiyaların azaldılmasıdır.

PS: Məcmu kapitalın komponentləri və  onlardan tutulmalar Mərkəzi Bank tərəfindən tənzimlənir. Məqaləni sadələşdirmək məqsədi ilə, detallı komponentlər və tutulmalar burada qeyd olunmayıb. Daha ətraflı məlumat üçün link-ə daxil olun.