Qeyri-neft sektorumuz 6 % artıb | Banco.az

Qeyri-neft sektorumuz 6 % artıb

"Bu ilin doqquz ayında ümumi daxili məhsul (ÜDM) 2,5 faiz artıb. Dünyada mövcud olan vəziyyəti nəzərə alsaq, bu, çox müsbət göstəricidir. Qeyri-neft sektorumuz 6 faiz artıb. Bizim üçün əsas məsələ qeyri-neft sektorunun inkişafıdır". Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına dair iclasında giriş nitqində səsləndirib. 

Prezidentin sözlərinə görə, inflyasiya 1,5 faiz səviyyəsindədir, əhalinin pul gəlirləri isə 5,4 faiz artıb: "Beləliklə, hər il olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı üstələyir və bu, bilavasitə insanların yaşayış səviyyəsinə müsbət təsir göstərir. Əminəm ki, inflyasiya ilin sonuna qədər də aşağı səviyyədə olacaq. Çalışmalıyıq ki, gələn il də bu göstərici aşağı səviyyədə olsun. 

Ən sərfəli kredit üçün müraciət et

Doqquz ayda ölkə iqtisadiyyatına 19 milyard dollar investisiya qoyulub. İlin sonuna qədər bu rəqəm daha da artacaq, beləliklə, bizim inkişafımız daha da sürətlə gedəcək. Bizim kifayət qədər valyuta ehtiyatlarımız var. İlin əvvəlindən maliyyə resurslarımız 3 milyard 600 milyon dollar artıb. Bütövlükdə bizim 53 milyard dollardan çox valyuta ehtiyatlarımız var ki, bu da dünya miqyasında çox böyük göstəricidir. Adambaşına düşən valyuta ehtiyatlarımız isə dünya miqyasında ən yüksək səviyyədədir.

bizimyol.info