Sizə nə demək istədiklərini başa düşün - Henri Ford | Banco.az

Sizə nə demək istədiklərini başa düşün - Henri Ford

İşsiz bir gənc məşhur iş adamı Henri Fordla görüşmək istəyirdi.

Buna görə də Fordun sahib olduğu şirkətə getdi. Ancaq hər şey o istədiyi kimi olmadı. Və bu görüş ancaq 8 ay sonra baş tutdu. 8 ay sonra gənc artıq Henri Fordun qəbul otağında idi. Bir azdan katibə gəldi və: “Cənab Ford sizi xidməti avtomobilinin yanında gözləyir”, — dedi. Gənc tələsik aşağı düşdü. Doğrudan da, Ford onu xidməti avtomobilinin yanında gözləyirdi. Ford arxada, gənc isə qarşıda oturdu. Bir azdan avtomobil yola düşdü. Avtomobil sürətlə irəliləyir, ancaq heç kim danışmırdı... 

Bir azdan şəhərin nəhəng avtomobil salonlarından birinin qarşısında dayandılar. Salonun sahibləri qonaqları hörmətlə qarşıladılar. Qısa bir söhbətdən sonra Ford və gənc salondan ayrıldılar. Eyni hadisə ikinci salonda da baş verdi. Sonra üçüncü, sonra dördüncü, sonra beşinci...

İş yerinə qayıtmaq üçün avtomobilə minəndə gənc bütün gücünü topladı və: «Cənab Ford, mənimlə iş barədə danışmayacaqsınız?» — deyə soruşdu. Ancaq bu sual Fordun xoşuna gəlmədi. Sürücüdən avtomobili saxlamağı tələb etdi və gənci avtomobildən düşürdükdən sonra sürətlə oradan uzaqlaşdı. İndi o, şəhərdən çox-çox uzaqda, tək-tənha qalmışdı. Üstəlik, cibində bir qəpik də yox idi. Nə qədər götür-qoy etməyə çalışsa da, Fordun bu hərəkətinə bir məna verə bilmirdi. Evə çatanda artıq bütün düşüncələri alt-üst olmuşdu...

Aradan bir neçə gün keçdi. Ancaq bir sual onu heç cür rahat buraxmırdı: «Ford onunla nə üçün belə davranmışdı?» Ya da «Ford bununla ona nə demək istəyirdi?» Günlərlə baş sındırdıqdan sonra, nəhayət, axtardığını tapdı...  

Ən sərfəli kredit üçün müraciət et

Ertəsi gün ən yaxşı paltarlarını geyindi və Fordla getdikləri ilk avtomobil salonuna üz tutdu.

Salonun sahibləri onu böyük hörmətlə qarşıladılar. Sanki qarşılarında gənc bir adam yox, Henri Fordun özü var idi. Artıq hər şey ona aydın idi. Daha sonra gənc Henri Fordla gəzdikləri o biri salonlara da getdi. Və hamısından da eyni şeyi soruşdu: “Yeni bir avtomobil salonu açmaq istəyirəm, ancaq kifayət qədər sərmayəm yoxdur. Bu işdə mənə kömək edə bilərsinizmi?”

Hamısı da eyni cavabı verdilər: "Əlbəttə ki… İstədiyiniz avtomobili götürün, pulunu yeni avtomobili götürməyə gələndə ödəyin..." Və qısa bir vaxtda gənc şəhərin ən varlı iş adamlarından biri oldu...

Aradan bir neçə il keçmişdi. Artıq Henri Forda təşəkkür etmək vaxtı idi. «Ford Company»nin baş ofisinə gedib, qəbul üçün müraciət etdi. Bir azdan katibə gəldi və: «Buyurun, cənab Ford sizi gözləyir» — dedi.

Gənc təəccübdən nə deyəcəyini bilmədi. Çünki ilk qəbul üçün nə az, nə çox, düz 8 ay gözləmişdi...

Ford gənci iş otağının qapısında qarşıladı. Və bunları dedi: 
— Eyni yerdə avtomobildən düşürdüyüm nə ilk adam idiniz, nə də son adam oldunuz. Ancaq aralarında yalnız siz mənim nə demək istədiyimi başa düşdünüz. O gündən sizi böyük heyranlıqla izləyirəm. Bundan sonrakı iş həyatınızda uğurlar arzulayıram.

Mənbə: kayzen.az