Bankda çalışmağı heç bir digər sənətə dəyişmərəm, istər ikiqat, istərsə də üçqat əməkhaqqı təklifi alsam belə! | Banco.az

Bankda çalışmağı heç bir digər sənətə dəyişmərəm, istər ikiqat, istərsə də üçqat əməkhaqqı təklifi alsam belə!

    Müsahibimiz: NBC Bankın İdarə Heyətinin sədr müavini  Səid Qasımov

Mən orta təhsilimi Bakı şəhərində yerləşən 145 saylı məktəbdə almışam. Orta məktəbi bitirdikdən sonra Qərb Universiteti daxil olmuşam və burada – Beynəlxalq İqtisadi Münasibətlər üzrə təhsilimi davam etdirmişəm. Daha sonra isə Azərbaycan Dövlət İqtisadiyyat Universitetdə MBA proqram üzrə – Beynəlxalq Biznes sahəsində magistr dərəcəsini almışam. Universitet illərində Bank işinə xüsusi marağım olmuş və bu istiqamətdə biliklərimi artırmağa və yeni məlumatlar əldə etməyə çalışmışam.

Düzünü desəm, mən hələ məktəb illərindən Bankda çalışmağı arzu edirdim.

İlk iş yerim Mikromaliyyələşdirmə Bankı olu. İlk qazancım da elə ilk maaşım, əmək haqqım olub.

Ona görə də təhsilimi də bu istiqamətdə almağı planlaşdırmışdım. Bu istək məni universitet illərində də tərk etməməşdi. Mən ilk növbədə yalnız Bankda çalışmaq istəyirdim və bu mənim üçün hər şeydən üstün idi. Istəyirdim ki, stabil işim və stabil əmək haqqım olsun.

Hərbi xidmətdən qayıdandan sonra, CV (tərcümeyi-hal) hazırladım və bir neçə Banklara iş üçün müraciət etdim. Qısa bir zamanda ilk dəvət AccessBankdan oldu və orada biznes kreditləri üzrə təlimdə iştirak etdikdən sonra, çalışmağa başladım. Kifayət qədər bank fəaliyyəti ilə bağlı biliklərim olsa da, əsas biliklər iş prosesində qazanılır.

Bununla yanaşı, bankda mütəxəssis vəzifəsində çalışanda belə öz üzərimdə çox çalışırdım və bunun nəticəsində mütəxəssis vəzifəsindən 2008-ci ildə rəhbər vəzifə olan - Kreditlərə Nəzarət Şöbəsinin müdiri təyin olundum. Bu zaman artıq qarşıma bir hədəf qoydum ki, növbəti uğur hədəf kimi mən Kredit Departamentinin müdiri olmalıyam və tezliklə də buna nail oldum. Ötən illər ərzində mən eyni zamanda Filial müdiri, Biznesin İnkişafı Departamentinin müdiri vəzifələrində də çalışmışam. İndi isə artıq NBC Bankın İdarə Heyətinin üzvüyəm.

İndi də Bankda çalışmağı heç bir digər sənətə dəyişmərəm, istər ikiqat, istər də üçqat əməkhaqqı təklifi alsam belə!

Hər bir insanın həyatında müəyyən bir hədəfi olmalıdır.

Hədəflər müxtəlif ola bilər, Bank sektorunda vəzifə artımı, əmək haqqı və s. Hədəf olmasa, fikrimcə inkişaf olmur. Mən də təbii ki, ilk növbədə karyera hədəfi özümə seçmişəm, karyera üzrə inkişaf olduğu zaman, təbii ki, əmək haqqı da artır. Bunun üzərində çalışmışam ki, öz istədiyimə nail olum. İstədiyinə nail olmaq üçün, insan ilk növbədə çalışmalıdır, öyrənməlidir və özünü inkişaf etdirməlidir. Çətinliklərdən qorxmaq lazım deyil, ola bilsin ki, ilk mərhələdə nəsə alınmasın, amma həvəsdən düşməmək və öz üzərində daima çalışmaq gərəkdir.

Ümumiyyətlə düşünərəm ki, hər bir insan səyahəti də sevməlidir, eyni zamanda kitablara da marağı olmalıdır. Uşaqlıqdan mən kitab oxumağı çox sevirdim, adətən sevdiyim kitablar detektiv janrına aid idi. İndi də demək olar ki, kitab oxumaq üçün vaxt tapanda, elə bu janr üzrə kitabları oxumağa üstünlük verirəm. Axırıncı oxuduğum kitab, Aqata Kristi olub,  “Saat”. Amma çox təəssüf ki, hal hazırda kitab oxumaq üçün  istədiyim qədər vaxt tapa bilmirəm.  İndi adətən müxtəlif biznes, maliyyə və iqtisadiyyat ilə bağlı jurnalları oxuyuram,  və s.

Yəqin ki, səyahət etməyi sevməyən insan olmaz. Səyahətlər də insanın biliklərinin artmasında, dünya görüşünün formalaşmasında mühüm rol oynayır. İnsanlar səyahət edərkən dünyanı gəzir, görür, yeni dillər öyrənir, yeniliklərdən xəbərdar olur. Səyahət həm də istirahət etmək baxımından çox önəmlidir. Ancaq mütaliə və ya səyahətləri müqayisə etsək, birinci daha əlçatandır. İndi internet sayəsində insanlar istədikləri kitabları tapıb oxuya, sifariş edib ala bilərlər. Səyahət üçün isə maddi imkan və əlavə vaxt tələb olunur, təəssüf ki, heç də hamının belə bir imkanı olmur. 

İnsan öz məqsəd və hədəflərinə nail olmaq istəyirsə və buna inanırsa, mütləq istəyinə nail olacaq!

Hər şey bizdən asılı olmasa da, bir çox amillər bizim özümüzdən asılıdır. Daima düşünün ki, niyə Siz yox, başqası seçilməlidir və çalışın ki, Siz seçiləsiniz. Heç bir rəhbər birdən birə rəhbər olmayıb. 

Mənim hal hazırkı hədəflərim, Bankın hədəfləri üzərində qurulur. İş prosesində onlar fərqli ola bilməzlər. Bu baxımdan, bütün NBC Bankın kollektivi ilə fəaliyyətimizi elə formalaşdırırıq ki, Bankın Strateji və İnkişaf planına əsasən qısa və uzun müddətli hədəflərinə nail olaq.

Gündəlik olaraq, hər bir bank işçisinin standart vəzifələrində nəzərdə tutulan işləri görürük. Bu mənim kurasiyamda  olan departamanentlərlə bağlı işlərdir – Biznesin inkişafı departamenti, Kreditlər departamenti və son struktur dəyişikliklərindən sonra problemli kreditlərlə iş departamenti. rəhbərliklə və şöbə müdirləri ilə görüşlərimiz olur, Bankın fəaliyyət planına əsasən hədəflərimizi seçirik, ortaya çıxan təklifləri, problemləri və s müzakirə edirik, hədəflərə necə nail olacağımızı müəyyən edirik. Həmçinin komitələrin iclaslarında iştirak edirik, istər kredit komitəsi olsun, istər insan resursları.

Çox şey məhz özünü təqdimetmə qabiliyyətindən asılıdr

Bu gün əmək bazarında ciddi rəqabət var və gənclər rəqabətə davamlı olmaq üçün ilk olaraq yaxşı oxumalı, lazımı səviyyədə biliklənməlidirlər.  Gənc olmağına baxmayaraq, ən azından özlərini düzgün təqdim etməyi bacarmalıdırlar. Bundan çox şey asılıdır. Əgər hər hansı gənc özünə iş tapmaq istəyirsə, işə götürəni inandırmalıdır ki, o bu vəzifəyə uyğundur, layiqdir və bu işin öhdəsindən gələ biləcək. Mən özüm NBC Bankda insan qaynaqları komitəsinin üzvüyəm. Demək olar ki, hər həftə iş ilə bağlı bizə yeni gənclər müraciət edirlər, onların içindən biz çalışırıq ki, ən yaxşılarını seçib, öz komandamıza dəvət edək. Amma çox təəssüf ki, bəzi gənclər bir il öncə universitetdə keçilən fənlərdən heç 10%-ni da yada sala bilmirlər, çünki lazımi səviyyədə biliklərə yiyələnməyiblər.

Çalışqanlıq olduğu zaman, nəticə daha da tez əldə olunur

Ümumiyyətlə gənclərə tövsiyə etmək istərdim ki, daima öz üzərilərində çalışsınlar. Çünki, çalışqanlıq olduğu zaman, nəticə daha da tez əldə olunur. Şükür Allaha, bunun üçün Respublikamızda bunun üçün bütün lazımi şərait var, sadəcə istəmək lazımdır. Eyni zamanda gənclər özlərinə inamı formalaşdırıb, nailiyyətlər əldə etmək üçün əzmlə çalışmalıdırlar. Təcrübə göstərir ki, savadlı kadrlar hər zaman özlərinə münasib iş tapa bilirlər.

Hədəfləri bankir olmaq olan gənclərə isə deyərdim ki, ilk növbədə, iqtisadiyyat üzrə təhsilin olması tövsiyə olunur, riyaziyyat üzrə biliklər də çox önəmlidir. Bununla yanaşı müştərilərlə düzgün ünsiyyətin qurulması vacibdir.

Xüsusiyyətlərə gəldikdə isə, fikrimcə əsas düzgünlük, etibarlıq, çalışqanlıq, kollektivdə işləmək bacarığı, yeni ideyaların verilməsi, təşəbbüskarlıq, gərgin iş rejiminə dözümlük qabiliyyətləridir.  Bir rəhbər olaraq, öz sıralamarımızda məhz belə gəncləri görmək istərdik.

Banco.az portalının izləyicilərinə tövsiyə edərdim ki,  seçdiyiniz ixtisasdan və ya gördüyünüz işdən asılı olmayaraq çalışın ki, işinizin əsl mütəxəssisi olasınız.

Müsahibəni götürdü: Könül Soltanova

www.Banco.az