Müəllif: Gülnar Əhmədli, Banco.az
“Facebook” və “Instagram” platformalarının ana şirkəti “Meta”nın Danimarkanın Odense şəhərində yerləşən məlumat mərkəzində minlərlə kompüter serveri gecə-gündüz fasiləsiz işləyir. Bu avadanlıqların fəaliyyəti zamanı böyük miqdarda istilik yaranır. Serverlərin soyudulması prosesində əldə edilən istilik enerjisi isə artıq itkiyə çevrilmir, yenidən istifadə olunur.
Banco.az xəbər verir ki, xüsusi boru xətləri vasitəsilə toplanan isti hava və ya istilik enerjisi yaxınlıqdakı Tietgenbyen istilik mərkəzinə ötürülür. Burada böyük istilik nasosları suyun temperaturunu 70-75 dərəcəyədək yüksəldir. Hazırlanan isti su daha sonra şəhərin mərkəzləşdirilmiş istilik şəbəkəsinə verilir və yaşayış evlərinin radiatorlarının qızdırılmasında istifadə olunur.
İldə 165 min meqavat-saat enerji təmin edilir
“Meta”nın açıqladığı son məlumatlara görə, məlumat mərkəzi hər il 165 min meqavat-saat tullantı istiliyini yerli istilik təchizatçısı “Fjernvarme Fyn” şirkətinə ödənişsiz ötürür. Bu enerji təxminən 9 min evin istilik tələbatını qarşılamaq üçün kifayətdir. 2020-ci ildə istifadəyə verilən sistemin gücü sonrakı illərdə artırılıb. Əvvəlki açıqlamalarda 11 mindən və hətta 12 mindən çox evin qızdırıla biləcəyi bildirilsə də, şirkətin son məlumatında təxminən 9 min ev göstəricisi qeyd olunur.
İstilik sistemi evlərə pulsuz xidmət göstərmir
“Meta”nın məlumat mərkəzindən əldə edilən istiliyi ödənişsiz təqdim etməsi həmin sistemdən istifadə edən evlərin istilik xərci ödəmədiyi anlamına gəlmir. İstilik nasoslarının işlədilməsi, boru xətlərinin saxlanılması və isti suyun evlərə çatdırılması müəyyən xərclər yaradır. Buna görə də mərkəzləşdirilmiş istilik şəbəkəsinə qoşulan sakinlər istifadə etdikləri istiliyə görə ödəniş etməyə davam edirlər.
Bu layihə kompüter serverlərinin fəaliyyəti zamanı yaranan və əks halda havaya buraxılaraq itiriləcək istilik enerjisinin yenidən istifadəsinə imkan verir. Beləliklə, məlumat mərkəzinin tullantı istiliyi şəhərdə yaşayış evlərinin qızdırılmasına töhfə verir.
Bizi sosial şəbəkələrdən izləyin!!
