Böyük Britaniyada inflyasiya son 11 ayın ən yüksək səviyyəsinə çatıb | Banco.az

Böyük Britaniyada inflyasiya son 11 ayın ən yüksək səviyyəsinə çatıb

Müəllif:Mehin Qasımova,Banco.az

Böyük Britaniyada benzin və dizel yanacağının bahalaşması inflyasiyanın son 11 ayın ən yüksək səviyyəsinə çatmasına səbəb olub.

Banco.az xəbər verir ki, Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, 2026-cı ilin sentyabrında istehlak qiymətləri illik ifadədə 3,5% artıb. Avqust ayında bu göstərici 3,1% təşkil edib. İqtisadçılar isə inflyasiyanın 3,4%-ə yüksələcəyini proqnozlaşdırırdılar.

Aylıq ifadədə istehlak qiymətləri 0,4% artaraq 0,3%-lik proqnozu üstələyib.

ONS bildirib ki, inflyasiyanın yüksəlməsində əsas amillərdən biri avtomobil yanacağının, xüsusilə dizelin qiymətinin artması olub. Bununla yanaşı, daxili qiymət təzyiqlərini əks etdirən xidmət inflyasiyası da 3,7%-ə yüksəlib.

Bahalaşma Britaniya ailələrinin maliyyə yükünü daha da artıra bilər. Oktyabr ayında ev təsərrüfatlarının enerji xərclərinə tətbiq olunan qiymət həddinin yüksəlməsi də inflyasiya təzyiqlərini gücləndirən amillər sırasındadır.

İngiltərə Bankı inflyasiyanın 2027-ci ilin əvvəlinə qədər 4%-i keçəcəyini gözləyir. Qiymət artımının sürətlənməsi faiz dərəcələrinin gələcək istiqaməti ilə bağlı müzakirələri də gücləndirir.