Müəllif: Gülnar Əhmədli, Banco.az
"Eyni iş yerində eyni vəzifədə çalışan iki əməkdaşın maaşının fərqli olması ilk baxışda ədalətsizlik kimi görünə bilər. Amma HR baxımından məsələyə yalnız “eyni iş = eyni maaş” prinsipi ilə yanaşmaq düzgün olmaz. Çünki əməkhaqqının formalaşmasına bir neçə amil təsir edir".
Bunu Banco.az-a açıqlamasında İnsan Resursları üzrə mütəxəssis Günay Əskərova bildirib.
Onun sözlərinə görə, burada əməkdaşın təcrübəsi, peşəkar bilik və bacarıqları, şirkətdəki iş stajı, məsuliyyət dairəsi, göstərdiyi nəticələr, performansı və bəzən də həmin vəzifəyə hansı əmək bazarı şərtlərində cəlb olunması rol oynaya bilər: "Eyni vəzifənin adı eyni olsa da, həmin vəzifədə çalışan iki insanın şirkətə verdiyi töhfə və üzərinə götürdüyü məsuliyyət eyni olmaya bilər.
Məsələn, iki əməkdaş eyni vəzifədə çalışır. Onlardan biri yalnız öz vəzifə öhdəliklərini yerinə yetirir, digəri isə əlavə layihələrə rəhbərlik edir, yeni əməkdaşların adaptasiyasına dəstək olur, proseslərin təkmilləşdirilməsində iştirak edir və davamlı olaraq yüksək nəticələr göstərir. Bu halda maaş fərqinin yaranması obyektiv meyarlarla əsaslandırıla bilər.
.jpeg)
Amma mənim üçün burada çox vacib bir sərhəd var: maaş fərqinin səbəbi olmalıdır. Yəni fərq şəxsi münasibətlərə, subyektiv yanaşmaya və ya “kiminsə daha çox danışıq qabiliyyəti var” kimi təsadüfi amillərə əsaslanmamalıdır. Əməkdaş maaşının niyə həmin səviyyədə olduğunu və hansı meyarlarla daha yüksək gəlir əldə edə biləcəyini başa düşməlidir".
"Əslində mən işçilərə maaş mövzusunda bir sualı daha çox verməyi tövsiyə edərdim: “Filankəs məndən niyə çox maaş alır?” sualından daha çox, “Mən hansı nəticələri göstərsəm və hansı bacarıqları inkişaf etdirsəm, mənim əməkhaqqım da arta bilər?”
Çünki karyera baxımından ikinci sual insana daha çox imkan yaradır.
Eyni zamanda işəgötürənlərin də üzərinə məsuliyyət düşür. Əgər şirkətdə maaş fərqləri varsa, onların arxasında aydın və obyektiv meyarlar dayanmalıdır. İşçi özünü daim başqaları ilə müqayisə etmək məcburiyyətində qalmamalıdır. O bilməlidir ki, şirkətdə əməkhaqqının artımı hansı nəticələrə, hansı bacarıqlara və hansı inkişaf mərhələlərinə bağlıdır, - deyə G. Əskərova əlavə edib.
Mütəxəssis hesab edir ki, ədalət hər kəsə eyni şeyi vermək deyil; eyni və ya oxşar dəyər yaradan əməkdaşlara ədalətli və əsaslandırılmış yanaşmaqdır: "Maaş fərqi ola bilər, amma həmin fərqin arxasında məntiqli, ölçülə bilən və izah edilə bilən səbəb olmalıdır.
İşçilərə də tövsiyəm budur: öz bazar dəyərinizi bilin, nəticələrinizi ölçün, inkişaf etdirdiyiniz bacarıqları görünən edin və əməkhaqqınızla bağlı danışmaqdan çəkinməyin. Maaş artımı tələb etməkdən daha önəmlisi, “mən şirkət üçün hansı əlavə dəyəri yaradıram?” sualına konkret cavab verə bilməkdir. İşəgötürənlərə isə kiçik bir xatırlatma: əməkdaşın maaşı ilə bağlı suallarını “yenə başladı maaş söhbətinə” deyə qarşılamayın.
Bəzən həmin sual şirkətin əməkhaqqı siyasətinə bir az da yaxından baxmaq üçün yaxşı fürsət olur. Məncə, maaş söhbətindən qaçmaq əvəzinə, onu düzgün idarə etmək hər iki tərəf üçün daha faydalıdır".
Bizi sosial şəbəkələrdən izləyin!!
