Müəllif:Mehin Qasımova,Banco.az
Kripto investor ChatGPT-dən aldığı iddia olunan linkə daxil olduqdan sonra təxminən 2,1 milyon dollar dəyərində rəqəmsal aktivlərini itirdiyini bildirib. Hadisənin fişinq hücumu nəticəsində baş verdiyi ehtimal olunur.
Banco.az xəbər verir ki, zərərçəkənin sözlərinə görə, o, ChatGPT-dən rus dilində sFLR tokenlərini Flare ekosistemində istifadə olunan WFLR tokeninə harada dəyişə biləcəyini soruşub.
İddialara görə, çatbotun cavabında istifadəçini real Scepter platformasına bənzəyən saxta veb-sayta yönləndirən keçid yer alıb.
İstifadəçi kriptovalyuta cüzdanını həmin sayta qoşduqdan sonra “limitsiz təsdiq” əməliyyatını imzalayıb. Bu icazə müqaviləyə tokenləri sonrakı əməliyyatlarda ayrıca təsdiq tələb etmədən idarə etmək imkanı verir.
Bundan cəmi bir neçə saniyə sonra hücumçular transferFrom funksiyasından istifadə edərək təxminən 1,9 milyon FXRP tokenini cüzdandan çıxarıblar. Oğurlanan aktivlərin həmin vaxt bazar dəyərinin təxminən 2,1 milyon dollar olduğu bildirilir. Bu məbləğ ümumi FXRP tədarükünün təxminən 1,3 faizinə bərabər olub.
Araşdırmaya görə, oğurlanan vəsaitlərin bir hissəsi OpenOcean vasitəsilə DAI və Ethereum-a dəyişdirilib. Daha sonra kriptovalyutalar müxtəlif cüzdanlara köçürülüb.
Hücumçuların vəsaitlərin izini gizlətməyə də çalışdığı bildirilir. Belə ki, təxminən 50 ETH Tornado Cash platformasına göndərilib və bu, əməliyyatların sonrakı izlənməsini çətinləşdirib.
Zərərçəkən oğurlanan vəsaitlərin hərəkətini izləmək məqsədilə əməliyyat məlumatlarını və cüzdan ünvanlarını ictimaiyyətə açıqlayıb. Bundan sonra isə ona oğurlanan kriptovalyutanı müəyyən ödəniş qarşılığında geri qaytaracağını iddia edən şəxslərdən mesajlar gəlməyə başlayıb.
O, digər kriptovalyuta istifadəçilərinə bu cür təkliflərə inanmamaq barədə xəbərdarlıq edib.
Araşdırma zamanı sorğu ChatGPT-yə müxtəlif dillərdə təkrar göndərilsə də, eyni fişinq keçidini əldə etmək mümkün olmayıb. Buna görə də saxta linkin çatbotun cavabına necə daxil olduğu hələlik dəqiq müəyyən edilməyib.
Hadisə süni intellekt çatbotlarının verdiyi cavabların, xüsusilə də kriptovalyuta və maliyyə əməliyyatları zamanı təqdim edilən keçidlərin istifadəçi tərəfindən ayrıca yoxlanmasının vacibliyini bir daha gündəmə gətirib.
