Müəllif: Tamara Mustafayeva, Banco.az
Ərdoğan: "Polşa ilə ticarət həcmini 15 milyard dollara çatdırmağı hədəfləyirik".
Banco.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında Polşa Prezidenti Karol Navrotski ilə keçirdiyi görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında iki ölkə arasındakı münasibətlər, Avropanın təhlükəsizliyi, NATO çərçivəsində əməkdaşlıq və Türkiyənin Avropa İttifaqınə üzvlük prosesi ilə bağlı fikirlərini bölüşüb.
Ərdoğan Polşa nümayəndə heyətini Türkiyədə qəbul etməkdən məmnunluq duyduğunu bildirərək qeyd edib ki, Türkiyə ilə Polşa 600 ildən artıq tarixə malik münasibətlərdən güc alaraq müttəfiq və strateji tərəfdaş kimi bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə davam edir. O vurğulayıb ki, keçirilən görüşlər zamanı bu iradə bir daha təsdiqlənib və gələcəkdə atıla biləcək birgə addımlar müzakirə olunub.
Ərdoğanın sözlərinə görə, liderlərin görüşündə ticarət, investisiyalar, müdafiə sənayesi, enerji və humanitar əlaqələr başda olmaqla bir çox istiqamət üzrə fikir mübadiləsi aparılıb. O bildirib ki, iki ölkə arasında 10 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə nail olunub və yeni məqsəd kimi 15 milyard dollar müəyyənləşdirilib.
Polşanın təxminən 9 milyard dollar dəyərində layihələrlə türk podratçı şirkətlərinin ən fəal fəaliyyət göstərdiyi ölkələrdən biri olduğunu qeyd edən Ərdoğan bu layihələrin sayının gələcəkdə daha da artacağına ümid etdiyini bildirib.
Nəqliyyat sahəsinin iki ölkə arasında mühüm əməkdaşlıq istiqamətlərindən biri olduğunu vurğulayan Türkiyə Prezidenti əlavə edib ki, Polşanın dəstəyi ilə Türkiyənin strateji tərəfdaşı olduğu “Üç Dəniz Təşəbbüsü” bu sahədə mühüm imkanlar yaradır.
Bizi sosial şəbəkələrdən izləyin!!
