Tibbi sığorta kimə sərfəlidr - MÜŞTƏRİYƏ, YOXSA ŞİRKƏTƏ? | Banco.az

Tibbi sığorta kimə sərfəlidr - MÜŞTƏRİYƏ, YOXSA ŞİRKƏTƏ?

Sığorta şirkəti hesabına doğuşlar, yoluxucu xəstəliklərdən müalicə və vaksinləşmə, istənilən vaxt təcili tibbi yardım, dərman təminatı, cərrahiyyə əməliyatları, kompüter tomoqrafiyası  və s. Bütün bunlar Azərbaycanda təqdim olunan tibbi sığorta xidmətlərinin yalnız bir hissəsidir. Azərbaycanda tibbi sığorta müştərilərin ən həvəslə istifadə etdiyi sığorta növlərindəndir. İş o yerə çatıb ki, bir sıra sığorta şirkətlərində, cümlədən "Başak İnam" Sığorta Şirkətində bu xidmət zərərlə işləyir.

Gündə 50 manat dərman xərci
Şirkətin biznesin inkişafı departamentinin rəhbəri Hikmət Allahverdi fins.az-a bildirib ki, ötən il "Başak İnam" Sığorta Şirkətinin tibbi sığorta üzrə ödənişlərinin böyük hissəsi dərman xərclərinə sərf edilib. Şirkətdən verilən məlumata görə, dərman təchizatı tibbi sığrta paketində ən çox xərc aparan xidmətlərdən biridir: "Bizim şirkət il boyu dərmana hər gün orta hesabla 50-90 manat, yəni minimum gündə minimum 50 manat pul ödəyib".

Yoluxucu xəstəliklər
Sığorta ödənişlərinin artımının ikinci səbəbi yoluxucu xəstəliklərin, xüsusilə qripin yayılmasıdır. Ötən il qrip xəstələrinin müalicə xərclərim artıb. Amma sığorta ödənişləri təkcə xəstələrə verilmir - müqavilə şərtlərində müştərilərin vaksinasiyası da nəzərdə tutulub: "Bura qripə və digər xəstəliklərə qarşı vaksinlərin vurulması daxildir. Müştərilər vaksinlərlə ildə iki dəfə təmin olunurlar". Şirkətin vaksin alan müştəriləri arasında tibb işçiləri də var - belələri tibbi xidmət göstərən zaman təhlükəli yoluxucu xəstəlik tutmamaq üçün müxtəlif xəstəliklərdən vaksinlənirlər.

Həftədə azı 5 çağırış
Bir neçə il bundan əvvəl sığorta şirkətlərindən birinin əməkdaşı təklif etdikləri tibbi sığortanın keyfiyyətini təsəvvür etmək üçün demişdi ki, "hesab edin təcili tibbi yardım maşını həyətinizdə növbə çəkir". İndi "Başak İnam"da təqribən həmin vəziyyət yaranıb. Tibbi sığorta ödənişlərinin bir hissəsi təcili tibbi yardıma sərf edilir. H.Allahverdinin məlumatına görə, müştərilər bu xidmətdən həvəslə istifadə edirlər: "həftədə minimum 5 təcili tibbi yardım çağırışı olur". Bu xidmət özəl klinikalar tərəfindən təqdim olunduğuna görə, hər çağırış sığorta şirkətinə 100-200 manata başa gəlir.

Ən sərfəli kredit üçün müraciət et

Sığorta hesabına doğuşlar

Körpənin dünyaya gəlməsi ailə üçün əvəzsiz sevincdir. Amma 2013-cü ildə Azərbaycanda azı 10 ailə bu yeniliyə digərlərindən çox sevinib. Çünki körpənin doğulması bir yana, doğuş xərclərini də sığorta şirkəti ödəyib. Belə ki, "Başak İnam"ın təqdim etdiyi  tibbi sığorta paketində digər xidmətlərlə yanaşı, analıq xərcləri - yəni uşağın doğulmasına görə, tələb olunan xərclərin ödənilməsi də əksini tapıb.  Bu xidmət özəl klinikalar tərəfindən göstərildiyinə görə, hər doğuşa görə xərclər 1500-2500 manat arasında dəyişir: "2013-cü ildə analıq təminatı ilə bağlı 10 ödəniş etmişik".
Yeri gəlmişkən, şirkətin şərtlərinə görə, analıq təminatı xərcləri yalnız o zaman ödənilir ki, doğuş hadisəsi müqavilənin ikinci ilində baş versin. Amma bu məhdudiyyət sığortalıları çəkindirmir - bəzi ailələr uşaq dünyaya gətirmək üçün səbrlə müqavilənin ikinci ilini gözləyirlər.

Xırda əməliyatlar və rentgen xərcləri
Sığorta ödənişlərinin bir hissəsini xırda cərrahiyyə əməliyyatlarına çəkilən xərclər təşkil edib. Bura dərialtı törəmənin çıxarılması, yaraların əməliyyat qabağı təmizlənməsi, diz oynaqlarının yırtığı (meniskopatiya) kimi kiçik, amma xərc aparan əməliyyatlar aiddir.
Ən çox ödəniş gedən sahələrdən biri də müştərilərin rentgen və nüvə-maqnit rezonansı (MRT) vasitəsilə müayinəsidir: "Ayda azı 20 müştəri MRT-dən keçir. Qiymətlər isə yerindən asılı olaraq 110-190 manat arasındadır".
Yeri gəlmişkən, "Başak İnam" tibbi sığortanın Azərbaycanda fərdi satışını həyata keçirən ilk şirkətdir. Fərdi qaydada satışlar zamanı müştərilər hökmən "check-up" olunur, buna tələb olunan xərcin yarısını şirkət ödəyir.

 

fins.az