Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ–Keniya arasında 1,6 milyard dollarlıq səhiyyə sazişi müvəqqəti dayandırılıb.
Banco.az xəbər verir ki, bu barədə ABŞ-ın Nayrobidəki səfirliyinin müvəqqəti işlər vəkili Syuzan M. Börns Nyeridə keçirilən mətbuat konfransında məlumat verib.
O bildirib ki, məhkəmənin yekun qərarı çıxana qədər sazişin icrası mümkün deyil.
Börnsin sözlərinə görə, Vaşinqton administrasiyası sazişin əhatə dairəsi ilə bağlı birtərəfli qərar qəbul edə bilməz və proses tam şəkildə məhkəmənin mövqeyindən asılıdır. Bununla belə, ABŞ tərəfi Keniya hökuməti ilə məsləhətləşmələri davam etdirir və razılaşmanın gələcək icra mexanizmləri müzakirə olunur.
Diplomat vurğulayıb ki, mövcud prosesə baxmayaraq, Keniyanın səhiyyə sistemi ABŞ səfirliyinin xarici yardım ofisi və ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri kimi qurumlar vasitəsilə dəstəklənməyə davam edəcək.
Qeyd edək ki, saziş 4 dekabr 2025-ci ildə Keniyanın baş nazirinin aparat rəhbəri Musaliya Mudavadi və ABŞ dövlət katibi Marko Rubio tərəfindən imzalanıb. İmzalanma mərasimində Keniya prezidenti Uilyam Ruto da iştirak edib.
Beş il ərzində mərhələli şəkildə köçürülməsi planlaşdırılan vəsait Keniyada səhiyyə infrastrukturunun rəqəmsallaşdırılmasına, fövqəladə hallara hazırlığın gücləndirilməsinə, eləcə də səhiyyə işçi qüvvəsi və təchizat zəncirinin təkmilləşdirilməsinə yönəldilməli idi.
Lakin Keniya Ali Məhkəməsi sağlamlıq və şəxsi məlumatların ötürülməsi ilə bağlı müddəalara, xüsusilə tibbi və həssas şəxsi məlumatların paylaşılmasına icazə verən qaydaların müvəqqəti dayandırılması barədə qoruyucu tədbir tətbiq edərək müqavilənin icrasını dayandırıb.
