Müəllif: Tamara Mustafayeva, Banco.az
Çinin büdcə gəlirləri 3 trilyon dollara yaxınlaşır.
Banco.az xəbər verir ki, Çində mərkəzi və yerli hakimiyyət orqanlarının büdcə gəlirləri bu ilin ilk 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz artıb.
Çin Maliyyə Nazirliyinin yaydığı məlumata görə, mərkəzi və yerli hakimiyyətlərin ümumi büdcə gəlirləri 2025-ci ilin yanvar–noyabr dövründə 20,05 trilyon yuan (2,85 trilyon ABŞ dolları) təşkil edib.
Bu dövrdə vergi gəlirləri 1,8 faiz artaraq 16,48 trilyon yuana (2,34 trilyon ABŞ dolları) yüksəlib, vergi xarakteri daşımayan gəlirlər isə 3,7 faiz azalaraq 3,57 trilyon yuan (510 milyard ABŞ dolları) səviyyəsində qeydə alınıb.
11 aylıq dövrdə büdcə gəlirləri illik ifadədə 0,8 faiz artsa da, büdcə xərcləri 1,4 faiz artaraq 24,85 trilyon yuana (3,53 trilyon ABŞ dolları) çatıb.
Qeyd olunan dövrdə təxminən 680 milyard ABŞ dolları həcmində büdcə kəsiri formalaşıb. Çində mərkəzi və yerli hakimiyyətlərin büdcə gəlirləri 2024-cü ildə 21,97 trilyon yuan (ilin sonu məzənnəsi əsasında 3,05 trilyon ABŞ dolları), büdcə xərcləri isə 28,46 trilyon yuan (ilin sonu məzənnəsi əsasında 3,93 trilyon ABŞ dolları) olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
