Müəllif:Mehin Qasımova,Banco.az
Qlobal iqtisadiyyat müzakirə edilərkən diqqət əsasən ABŞ və Çin üzərində cəmlənsə də, Avropanın iqtisadi lokomotivi Almaniya olaraq qalır.
Banco.az xəbər verir ki, son göstəricilər Almaniyanın qitənin ən böyük və ən güclü iqtisadiyyatına sahib olduğunu açıq şəkildə ortaya qoyur.
Dünya Əhali İcmalının (World Population Review) 2025-ci il üçün açıqladığı proqnozlara əsasən, Almaniyanın ümumi daxili məhsulu (ÜDM) 4,74 trilyon dollara çatacaq. Bu göstərici Böyük Britaniya, Portuqaliya və Yunanıstanın ümumi iqtisadi həcmini üstələyir.
Müqayisə üçün, Böyük Britaniyanın ÜDM-i 3,84 trilyon dollar, Fransanın 3,21 trilyon dollar, İtaliyanın 2,42 trilyon dollar, Rusiyanın isə 2,08 trilyon dollar təşkil edir. Siyahının aşağı pillələrində yer alan Portuqaliyanın ÜDM-i 321 milyard dollar, Yunanıstanın isə 267 milyard dollar səviyyəsindədir.
Almaniyanın iqtisadi gücü əsasən inkişaf etmiş sənaye və ixrac potensialına söykənir. Ölkə Avropanın ən böyük istehsalçısı olmaqla yanaşı, qitənin ümumi sənaye məhsulunun təxminən üçdə birini formalaşdırır.
2024-cü ildə Almaniya 1,66 trilyon dollar dəyərində mal və xidmət ixrac edib. Bu isə ölkəyə 255 milyard dollarlıq ticarət profisiti qazandırıb. Əsas ixrac məhsulları avtomobil sənayesi, maşın və avadanlıqlar, kimya məhsulları, elektrik və elektronika, əczaçılıq və plastik sektorlarını əhatə edir.
Mütəxəssislər Almaniyanın qlobal iqtisadi böhranlara qarşı davamlılığını yüksək elmi-tədqiqat xərcləri ilə əlaqələndirir. Ölkə ÜDM-nin təxminən 3,1 faizini araşdırma və innovasiyaya yönəldir.
Eyni zamanda, Almaniya bərpa olunan enerji sahəsində də qabaqcıl mövqedədir. “Energiewende” strategiyası çərçivəsində ölkədə istehsal olunan elektrik enerjisinin təxminən yarısı alternativ enerji mənbələrinin payına düşür.
İqtisadiyyatın digər əsas sütunu isə “Mittelstand” adlanan kiçik və orta biznes sektorudur. Bu müəssisələr öz sahələrində qlobal bazarlarda lider mövqe tutan və “gizli çempionlar” kimi tanınan şirkətlərdən ibarətdir.
