Azərbaycanda orta aylıq əməkhaqqı 9%-dən çox artıb | Banco.az

Azərbaycanda orta aylıq əməkhaqqı 9%-dən çox artıb

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1086,3 manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

    Qeyd edilib ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

    2025-ci il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1782,4 min nəfər olmuş, onlardan 865,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 916,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib

    Muzdla işləyənlərin 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,1 faizi təhsil, 14,0 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi tikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,0 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 14,3 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.