Fed iclasından əvvəl faiz proqnozları | Banco.az

Fed iclasından əvvəl faiz proqnozları

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da hökumətin bağlı qalması Fed-in qərarlarına dair qeyri-müəyyənliyi artırır.

Banco.az xəbər verir ki, ABŞ hökumətinin fəaliyyətində yaranan fasilə statistik məlumat axınında gecikmələrə səbəb olub. Bu vəziyyət ABŞ Federal Ehtiyat Sisteminin (Fed) gələcək pul-kredit siyasətinə dair proqnozların dəqiqliyini zəiflədir.

Sentyabr ayında açıqlanan inflyasiya göstəricilərinin gözləntilərdən aşağı qalması Fed-in gələn həftə keçiriləcək iclasında faiz endirimlərinə gedə biləcəyi barədə ehtimalları gücləndirib. Mütəxəssislər əmək bazarında davam edən zəifləmənin təsiri ilə faiz endirimlərinin 2026-cı ildə də davam edə biləcəyini bildirirlər.

“Rabobank”ın baş strateqi Filip Marey aşağı inflyasiya fonunda Fed-in oktyabr toplantısında 25 baza bəndi faiz endirimi qərarını dəstəkləyən şərtlərin yarandığını qeyd edib. O, həmçinin Fed-in balansın kiçildilməsi prosesinin sona çatdığını elan edə biləcəyini bildirib. Bununla yanaşı, məlumat çatışmazlığı səbəbilə Fed sədri Cerom Pauellin dekabr ayına dair ehtiyatlı mövqe sərgiləyəcəyi gözlənilir.

Marey hökumətin bağlı qalması və zəif məşğulluq göstəricilərinin dekabr ayında daha bir faiz endirimi qərarı ehtimalını artırdığını da vurğulayıb.

ING-in baş iqtisadçısı Ceyms Naitli isə Fed-in həm oktyabrda, həm də dekabrda 25 baza bəndi eniş edə biləcəyini ifadə edib. Onun sözlərinə görə, inflyasiyanın hədəfdən yüksək qalması risk yaratsa da, iqtisadiyyətdə zəifləmə siqnalları pul-kredit yumşalmasını labüd edir.

Naitli həmçinin Fed-in təxminlərinə əsasən 2026-cı ildə də faiz endirimlərinin davam edə biləcəyini deyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram