İtaliya əsas yerli şirkətlərdə Çinin payını azaltmağı hədəfləyir | Banco.az

İtaliya əsas yerli şirkətlərdə Çinin payını azaltmağı hədəfləyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

İtaliya hökuməti ABŞ ilə gərginlik yaşamamaq üçün çinli investorların mühüm İtaliya şirkətlərindəki pay sahibliyini məhdudlaşdırmağı hədəfləyir.

Banco.az xəbər verir ki, İtaliyanın bu təşəbbüsü xüsusi və dövlət nəzarətində olan strateji əhəmiyyətli şirkətləri əhatə edəcək.

Bir mənbə Baş nazir Corciya Meloni rəhbərliyindəki hökumətin bu təşəbbüsünün ən diqqətəlayiq nümunələrindən birinin İtaliyanın təkər istehsalçısı “Pirelli” olduğunu deyib. Kimyəvi məhsullar və təkər sektorunda fəaliyyət göstərən Çin dövlət şirkəti “Sinochem International” “Pirelli”də 37 faiz paya sahibdir. Formula 1 avtomobillərinə də təkər tədarük edən “Pirelli” çinli səhmdarları səbəbindən ABŞ-da satış məhdudiyyəti riski ilə üzləşmiş və çinli investor “Sinochem”in idarəetmədəki təsirini azaltmağa çalışmışdı.

2008-ci il maliyyə böhranından sonra Çinli investorları məmnuniyyətlə qarşılayan region indi isə kritik sektorları qorumağa, eyni zamanda ABŞ prezidenti Donald Trampın yanında yer almağa çalışarkən, Çindən uzaqlaşmaq üçün riskdən qaçınma mübarizəsi aparır.

Avropa İttifaqının getdikcə aqressivləşən Çin qarşısında ehtiyatlı davranması səbəbindən 2019-cu ildən sonra yeni investisiyalar nəzərəçarpacaq dərəcədə yavaşıb.

İtaliyada təxminən 700 şirkətin səhmdarları arasında çinli investorlar mövcuddur. Hökumətin diqqəti əsasən enerji, nəqliyyat, texnologiya və maliyyə kimi strateji sahələrdəki böyük müəssisələrə yönəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram