Müəllif - Fərid İslamov - Banco.az
Yaponiya oyun konsolları və video oyunlar istehsalçısı Nintendo Co.-nun səhmlərinin qiymətləri çərşənbə günü keçirilən ticarətlər nəticəsində 5,3% artaraq (11,33 min yenə qədər) son yarım ildən çox müddətdə ən əhəmiyyətli artımını göstərib.
Goldman Sachs analitikləri şirkətin səhmlərinin təhlilini yeniləyərək, onlara “almaq” tövsiyəsi veriblər və 13,6 min yen hədəf qiyməti müəyyən ediblər. Onlar gözləyirlər ki, Switch 2 konsolunun çıxışı istifadəçilərin sayını yeni maksimumlara çatdıracaq.
Yeni konsolun təqdimatı 2 aprel tarixində planlaşdırılıb.
Ekspertlərin fikrincə, Switch 2-nin buraxılması ilk versiyanın təqdim olunmasından yeddi ildən çox müddət keçdikdən sonra "passiv istifadəçiləri aktivləşdirməyə" kömək edəcək. Onların fikrincə, konsolun bazara çıxışı bir çox yeni oyunların təqdimatı ilə müşayiət olunacaq, bu da satışları stimullaşdıracaq və 1 aprel tarixində başlayacaq növbəti maliyyə ilində Nintendo-nun gəlirlərinin yenidən artmasına gətirib çıxaracaq.
Nintendo fevral ayının əvvəlində cari maliyyə ili üçün proqnozlarını pisləşdirmişdi, çünki doqquz aylıq dövr üçün xalis mənfəəti 1,7 dəfə, gəliri isə 31% azalmışdı.