EIA bu il üçün neftin qiyməti ilə bağlı proqnozunu aşağı salıb | Banco.az

EIA bu il üçün neftin qiyməti ilə bağlı proqnozunu aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) bu il üçün neftin qiyməti ilə bağlı proqnozunu aşağı salıb.

Banco.az xəbər verir ki, EIA-nın "Mart 2025 Qısamüddətli Enerji Perspektivi Hesabatı"na görə, gömrük tariflərinin yaratdığı iqtisadi böyümə narahatlıqları nəticəsində Brent markalı xam neftin orta barel qiyməti ötən ay əvvəlki aya nisbətən 4 dollar, ötən ilin eyni dövrünə görə isə 8 dollar azalaraq 75 dollar səviyyəsində qərarlaşıb.

Hesabatda ilin ortalarına qədər nisbətən sıx qlobal neft bazarının gözlənildiyi, lakin sonrakı dövrlərdə neft ehtiyatlarında artım proqnozlaşdırıldığı qeyd edilib.

Bu kontekstdə İran və Venesuelada xam neft hasilatının azalması səbəbindən ilin ikinci rübündə neft ehtiyatlarında müəyyən qədər azalma olacağı təxmin edilir. Bunun nəticəsi olaraq, Brent neftinin orta barel qiymətinin təxminən 70 dollar səviyyəsindən üçüncü rübdə 75 dollara yüksələcəyi hesablanır.

Lakin Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə daxil olmayan bəzi istehsalçı ölkələrin yer aldığı OPEC+ qrupunun hasilat məhdudiyyətlərini yumşaltması və OPEC-ə daxil olmayan ölkələrdə neft hasilatının artması ilə 2025-ci ilin sonları və 2026-cı il ərzində neft ehtiyatlarının artacağı və bunun xam neft qiymətlərinə aşağı istiqamətli təzyiq göstərəcəyi proqnozlaşdırılır.

Bu çərçivədə Brent markalı neftin orta barel qiymətinin bu il üçün 74,22 dollar səviyyəsində olması gözlənilir. Bu rəqəm əvvəlki hesabatda 74,50 dollar olaraq proqnozlaşdırılmışdı.

ABŞ xam neftinin orta barel qiymətinin isə 70,68 dollar səviyyəsində olacağı ehtimal edilir. Bu rəqəm ötən ay 70,62 dollar olaraq hesablanmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram