"Fitch": Azərbaycan banklarının əsas maliyyə göstəriciləri bu il stabil qalacaq | Banco.az

"Fitch": Azərbaycan banklarının əsas maliyyə göstəriciləri bu il stabil qalacaq

"Azərbaycan bank sektoru üzrə proqnozumuz neytraldır. Yəni, biz gözləyirik ki, əsas maliyyə göstəriciləri bu il stabil qalacaq".

Bunu  “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin MDB+ və Yaxın Şərq bankları üzrə direktor müavini Maksim Maliutin deyib.

    O bildirib ki, son illərdə Azərbaycan bank sektorunun maliyyə profili əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu, 2024-cü ilin oktyabrında yerli fəaliyyət mühitinin reytinqinin "B+"dan "BB-"a dəyişməsi ilə təsdiqlənib. Bu dəyişikliyin əsas səbəbi əvvəllər bank sektoruna mənfi təsir edən köhnə aktiv keyfiyyəti risklərinin azalmasıdır: "2019-cu ildən etibarən hökumət zəif bankları bazardan təmizləmək üçün addımlar atıb. Bununla yanaşı, Azərbaycanın biznes mühiti güclənib, yerli banklar isə uzunmüddətli və böyük korporativ kreditlərə olan marağını azaldıb. Bunun əvəzinə, onlar daha çox pərakəndə kreditləşməyə üstünlük verirlər. Bu isə daha az riskli və istehlakın aşağı olmasına görə daha gəlirlidir. 2024-cü ilin sonuna pərakəndə kreditlərin sektordakı payı 60%-ə çatıb. Müqayisə üçün, 2018-ci ilin sonunda bu göstərici cəmi 40% idi. Beləliklə, son bir neçə ildə bu sahədə əhəmiyyətli artım baş verib".

    Maksim Maliutin deyib ki, Azərbaycan Mərkəzi Bankı 2022-ci ildən etibarən sektorda tənzimləmə çərçivəsini gücləndirmək üçün mühüm tədbirlər görüb. Məsələn, pərakəndə kreditləşmənin sürətli artımını cilovlamaq və borcalanlara xarici valyutada kredit verilməsini məhdudlaşdırmaq üçün yeni qaydalar tətbiq edib. Bundan əlavə, yerli banklar üçün əhəmiyyətli kredit riskləri yaradan əlaqəli tərəflərlə kredit əməliyyatları da daha ciddi tənzimlənib. Nəticədə, problemli kreditlərin həcmi rekord dərəcədə aşağı səviyyəyə düşüb. 2024-cü ilin sonuna kredit portfelinin keyfiyyəti stabilləşib və bu tendensiyanın 2025-ci ildə də davam edəcəyi gözlənilir. Bununla belə, əhalinin artan borc yükü fonunda pərakəndə kreditlərin keyfiyyətində müəyyən dərəcədə pisləşmə mümkündür.

    Direktor müavini qeyd edib ki, bank sektorunun əsas kapital adekvatlığı göstəricisi 2020-ci ildən bəri bir qədər azalıb. Bunun əsas səbəbi pərakəndə kreditlərin artmasıdır, çünki bu növ kreditlər üçün risk çəki dərəcəsi daha yüksəkdir. Buna baxmayaraq, göstərici hələ də 5%-lik minimum tənzimləyici həddən xeyli yuxarıdır və 2025-ci ildə də stabil qalacağı gözlənilir.

    "Likvidlik baxımından, sektor sabit vəziyyətdədir. 2024-cü ilin sonuna sektorun kredit portfeli və aktivləri arasında balanslı nisbət qorunub. Yenidən maliyyələşdirmə riskləri isə əsasən müştəri depozitlərinə (xüsusilə cari hesablara) əsaslanan maliyyələşdirmə strukturu ilə azaldılır"- Maksim Maliutin əlavə edib.

    O həmçinin, reytinq agentliyinin Mərkəzi Bankın Basel III kapital strukturunu tətbiq etmək və bank nəzarətində risk əsaslı yanaşmaya keçmək planlarını müsbət qiymətləndirdiklərini açıqlayıb: "Bu addımlar kapital tələblərini beynəlxalq standartlara daha da yaxınlaşdıracaq".

    apa